Azərbaycanda 942 dini icma dövlət qeydiyyatına alınıb

Azərbaycanda 942 dini icma dövlət qeydiyyatına alınıb
  18 İyul 2019    Oxunub:1533
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransı çərçivəsində ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek ilə görüşüb.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, M.Qurbanlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycanın dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, tolerantlığın və multikulturalizmin ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu və bu ənənələrin Azərbaycan dövləti tərəfindən inkişaf etdirildiyini qeyd edib. 35-i qeyri-islam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Görüş zamanı Azərbaycan həqiqətləri barədə də danışan M.Qurbanlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini vurğulayıb.



Öz növbəsində S.Braunbek Azərbaycan haqqında məlumatlı olduğunu, ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Həmçinin Ulu Öndər Heydər Əliyevlə görüşlərini xatırladaraq bu təəssüratların onun yaddaşında silinməz izlər buraxdığını vurğulayıb. Eyni zamanda, ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının məmnunluqla qarşılandığını qeyd edib.

Daha sonra tərəflər konfrans çərçivəsində imzalanacaq bəyanatlar barədə fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycandakı dini icmaların fəaliyyəti, ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrini əks etdirən və DQİDK-nın dəstəyi ilə nəşr edilmiş ədəbiyyatlar S.Braunbekə təqdim edilib.



Qeyd edək ki, S.Braunbek 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında ABŞ Prezidenti D.Tramp tərəfindən Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.

Azvision.az


Teqlər: Komitə   Sədr   Mübariz-Qurbanlı  





Xəbər lenti