Səudiyyəli nazir Konstitusiya Məhkəməsində

Səudiyyəli nazir Konstitusiya Məhkəməsində
  17 İyul 2019    Oxunub:1591
Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr. Valid bin Mohammad Al-Samaaninin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə iyulun 16-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.
Azvision.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığı nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu bildirən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Sədr Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun səmimi dostluq münasibətlərinin iki ölkənin müvafiq qurumları arasında işgüzar əlaqələrin inkişafına zəmin yaratdığını qeyd edib.

Bu ilin əvvəlində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xatırladan Fərhad Abdullayev iyulun 15-də isə Bakıda Əməkdaşlıq Proqramının imzalanmasının vacibliyini vurğulayıb. Sədr Fərhad Abdullayev bildirib ki, ikitərəfli əlaqələrin yüksək səviyyədə olması qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və məhkəmə-hüquq sahəsindəki yeniliklərlə tanışlıq üçün əlverişli şərait yaradır. Bu baxımdan ölkələrimiz arasında hüquq sahəsində münasibətlərin uğurlu inkişafı və əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar var.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən Fərhad Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifliyi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasından dərhal sonra məhkəmə-hüquq sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanılıb. Konstitusiyanın qəbulundan üç il sonra ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yaradılıb və Məhkəmə bu sahədə mütərəqqi beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətə başlayıb. Konstitusiya Məhkəməsi daim beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, mütərəqqi məhkəmə təcrübəsini öyrənir və onlardan faydalanmağa çalışır.

Konstitusiya Məhkəməsinin sədri əsas vəzifəsi qanunların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna nəzarət edilməsi olan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının iyulun 14-də 21 illiyinin tamam olduğunu diqqətə çatdırıb və ötən dövrdə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 400 qərarın qəbul olunduğunu qeyd edib. Sədr vurğulayıb ki, öz fəaliyyətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini əsas götürən Konstitusiya Məhkəməsi vətəndaşların şikayət və ərizələrinə xüsusi diqqətlə yanaşır.

Nümayəndə heyətinin rəhbəri Dr.Valid bin Mohammad Al-Samaani Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin vacibliyini qeyd edib. Ölkəsinin Ali Məhkəmə Şurası ilə Azərbaycanın Konstitusiya Məhkəməsi arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdıran qonaq Səudiyyə Ərəbistanı Krallığının məhkəmə-hüquq sistemi barədə ətraflı məlumat verib.

Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edən Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Azərbaycanın sürətli inkişafından və ölkəmizin gözəlliyindən məmnunluğunu bildirib.

Söhbət zamanı Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı qonaqları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib. Qonaqlar Konstitusiya Məhkəməsinin binasında yaradılan şəraitlə tanış olublar.

Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti