Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı

 Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı
  17 İyul 2019    Oxunub:2662
Rusiyanın ən böyük mobil operatoru olan "Megafon" Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb.

Bu barədə "Meqafon" şirkətindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məktubda bildirilib.
Məktubda deyilir: "Şirkətin veb saytının yenilənməsi ilə bağlı işlər zamanı Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi təqdim olunduğu səhv məlumatlar aşkar edilib. Səhv şirkətin rəhbərliyi tərəfindən aşkar edildikdən sonra dərhal düzəldilib. "Meqafon" şirkəti hazırda bununla bağlı daxili təhqiqat aparır. Sayta həmin məlumatı yerəşdirməyə görə məsuliyyət daşıyan əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. Onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivəsində intizam cəzası gözləyir.

"Meqafon"un əsas iş prinsiplərindən biri şirkətin öz kommersiya fəaliyyətini siyasi və dini məzmundan kənar həyata keçirməkdir. Biz baş verən hadisədən təəssüf hissi keçirir, bir daha vurğulamaq istəyirik ki, bu, heç də pis niyyətlə deyil, səhvən baş verib".

Qeyd edək ki, məktub "Meqafon"un Direktorlar Şurasının sədri Yevgeni Bıstrıx tərəfindən imzalanıb.

Xatırladaq ki, “Meqafon” şirkəti öz saytında “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərmiş və separatçılar üçün kommunikasiya xidmətləri təklif etmişdi. Şirkət yol verilən yanlışlığa görə Azərbaycan xalqından üzr istəyib.

Azvision.az



Teqlər: Meqafon   Qarabağ  





Xəbər lenti