Məmmədyarov iki ölkənin komitə sədrləri ilə görüşüb
Görüşdə həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edib. E.Məmmədyarov üçtərəfli formatda xarici işlər nazirləri tərəfindən mütəmadi olaraq səmərəli görüşlərin keçirildiyini qeyd edərək, qanunverici qurumlar səviyyəsində üçtərəfli iclasların keçirilməsini təqdirəlayiq bir hal kimi qiymətləndirib və parlament diplomatiyasının əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynadığını xüsusilə vurğulayıb.
Parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və mövcud formatın genişləndirilməsi məqsədilə faydalı fikir mübadiləsinin aparıldığını bildirən qonaqlar hər üç ölkənin Xarici İşlər nazirləri tərəfindən keçirilən üçtərəfli görüşlərin münasibətlərin inkişafına töhfə verdiyinə əminliklərini ifadə ediblər. Regionda mövcud münaqişələrə toxunan qonaqlar mövcud münaqişələrin beynəlxalq hüququn prinsipləri, ələlxüsus dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıblar.
Öz növbəsində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən E.Məmmədyarov münaqişənin həllinin regionda sülhü və rifahı möhkəmləndirəcəyinə əminliyini qeyd edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da faydalana biləcəyini bildirib.
Görüş zamanı tərəflər hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.
Azvision.az
Teqlər: XİN