“Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti”
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə yazılmış kitab yeni işıq üzü görüb.
Kitabda Ümummilli lideri Heydər Əliyevin 1969-cu ilin yayında respublikaya rəhbərlik etdiyi ilk günlərdən ömrünün sonuna qədər gəmiçilik sahəsinə göstərdiyi qayğı və diqqətdən söhbət açılır.
Azərbaycanda gəmiçilik tarixinə qısa səyahət şəklində verilmiş birinci fəsildən sonra Heydər Əliyev erasının – “Yeni eranın başlanğıcı” fəsli gəlir.
“69-cu ilin isti yayı” bölməsində Ulu öndərin ölkəyə rəhbər seçilməsinin tarixçəsindən bəhs olunur, daha sonra respublikada başlayan inkişaf və dəyişikliklərdən danışılır. Maraqlıdır ki, Heydər Əliyev 1969-cu il iyulun 14-də hakimiyyətə gələndən cəmi bir neçə gün sonra – Azərbaycan KP MK-nın iyulun 22-də keçirilən büro iclasının gündəliyinə “Xalq təsərrüfatı yüklərinin daşınmasının yaxşılaşdırılması sahəsində “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin işi haqqında” məsələ daxil edib. Təkcə bu fakt Ümummilli liderin respublika iqtisadiyyatını dirçəltmək üçün gəmiçiliyə hansı mühüm əhəmiyyət verdiyi barədə aydın təsəvvür yaradır.
Kitabda Heydər Əliyevin hakimiyyəti illərində neft sənayesinin dirçəldilməsi, gəmiçilikdə yerli və milli kadrların irəli çəkilməsi, peşəkarlığın həvəsləndirilməsi, əmək intizamının gücləndirilməsi və s. kimi sahələrdə görülən işlərdən konkret faktlar və arxiv sənədləri əsasında söhbət açılır.
Kitabın “Ulu öndərin fəaliyyətində Moskva vaxtı” adlanan fəslində Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi sovet nəqliyyat sisteminə rəhbərlik etdiyi illərdən bəhs olunur.
Azərbaycanın müstəqilliyini bərpa edəndən sonrakı illərdə Ümummilli liderin milli gəmiçilik sahəsində atdığı mühüm addımlardan, qəbul etdiyi taleyüklü qərarlardan ayrıca fəsildə söhbət açılır.
Kitabın “Gəmiçiliyin inkişafında yeni mərhələ” adlanan sonuncu fəslində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində ölkədə milli gəmiçilik sahəsində aparılan struktur dəyişiklikləri və qazanılan uğurlar haqqında danışılır.
Kitab Azərbaycan və Rusiyanın arxivlərində saxlanılan çoxsaylı sənədlər, gəmiçilik tarixinə dair kitablar, eləcə də o dövrdə yaşamış adamların xatirələri əsasında qələmə alınıb.
Kitabın müəllifi əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur.
Azvision.az
Teqlər: Heydər-Əliyev Gəmiçilik