Qırmızı qəsəbədə 2 top mərmisi tapılıb

  12 İyul 2019    Oxunub : 1282
Qırmızı qəsəbədə 2 top mərmisi tapılıb
Quba rayonu, Qırmızı qəsəbə ərazisində 2 ədəd 76 mm-lik top mərmisi (Ş-354) aşkar olunub.
Bu barədə Azvision.az - a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Quba rayonu, Qırmızı qəsəbə ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Quba rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə 2-ci yəhudi qəbirstanlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssislərinin apardığı təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 76 mm-lik top mərmisi (Ş-354) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 200 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: ANAMA   Mərmi   Quba