"Qarabağ atların qiyməti 10 min manata qədər artır" - Direktor

 "Qarabağ atların qiyməti 10 min manata qədər artır" -  Direktor
  12 İyul 2019    Oxunub:11182
Qarabağ Atcılıq Kompleksində 245 baş Qarabağ cinsindən olan at saxlanılır. Bunlardan 6 başı törədicisi ayğır, 60 başı ana madyan damazlıq, 61 başı 2019-cu ildə alınan balalardır. Qalanları isə cavan və orta yaşda olan dişi və erkən atlardır.
Azvision.az xəbər verir ki, Qarabağ Atcılıq Kompleksinin direktoru Maarif Hüseynov deyib. O bildirib ki, kompleks Ağdamın Eyvazxanlı kəndində atcılıq zavodunun əsasında yaradılıb.

"Hələ o zamanlardan ermənilər çalışırdı ki, Qarabağ atını özününküləşdirsinlər. Silahlı şəkildə bir neçə dəfə Qarabağ atını gəlib aparmaq istəyirdilər. Atları Ağdamın Üçloğlan kəndində quşçuluq fermasında gizlətdik deyə gəlib tapa bilmədilər. Qarabağ atını ermənilərə verməmişəm".

M.Hüseynov qeyd edib ki, burada atlar yüksək səviyyədə saxlanılır. "Atlarımız sərgidə iştirak etmək, cıdır düzündə çapmaq qabiliyyətinə malikdir. Atlar dünya bazarına çıxacaq səviyyədə saxlanılır".

Kompleksin direktoru bildirib ki, atların qiyməti 2 min manatdan başlayaraq 10 min manata qədər artır.

"İldə 25 baş atın satışı nəzərdə tutulur. Artım isə 50 baş olur. Atlar təbii cütlüklə artırılır. Dünyada 265 at növü var, onun 2-i Azərbaycandadır. Bunlardan biri Qarabağ ayğırı, digəri isə Dilbaz atıdır".

M.Hüseynov Qarabağ atının necə seçildiyini də açıqlayıb. O bildirib ki, Qarabağ atının rəngi qızılı kürən olur, alnında qaşqası var.

"Sovetlər Birliyi zamanında atlar Moskvaya göndərilib, oradan xarici ölkələrə satılırdı. Hazırda at satışa çıxarılmır. Almaniya, Ingiltərə, Fransaya atın satışı nəzərdə tutulur ".

Aytən Zəhra


Teqlər: Qarabağ   At  





Xəbər lenti