"Aİ Azərbaycanla əməkdaşlıqda maraqlıdır" - Politoloq

   "Aİ Azərbaycanla əməkdaşlıqda maraqlıdır" -    Politoloq
  10 İyul 2019    Oxunub:1372
“Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfərini Azvision.az -a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu belə deyib.

E.Şahinoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun görüşündə bir neçə amil diqqəti cəlb edib: “ Birincisi , Azərbaycanın iştirakçısı olduğu enerji layihələri və qazın Avropaya çatdırılması ətrafında fikir mübadiləsi aparıldı. Tusk bu əməkdaşlığı yüksək qiymətləndirdi və İlham Əliyevin bu istiqamətdəki səylərini dəstəklədiklərini dedi.

İkincisi , İlham Əliyev diqqəti Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının işğal altında qalmasına yönəltdi. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də göstərir.



Üçüncüsü , Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq sazişinin imzalanmasının vacibliyi vurğulandı. Danışıqlar hələ davam edir. Sənədin böyük hissəsi artıq hazırdır. Dördüncüsü , Donald Tusk İlham Əliyevlə görüşdə qanunun aliliyinə, insan haqları və digər azadlıqlara diqqəti çəkdi. Yəni Tusk demək istədi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq enerji və təhlükəsizlik mövzuları ilə yanaşı demokratiya məsələrini də əsas tutacaq. Təsadüfi deyil ki, Donald Tusk prezident İlham Əliyevlə yanaşı Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb, fikir mübadiləsi aparıb”.



Politoloq xatırladıb ki, bu Donald Tuskun Avropa İttifaqı Şurasının Prezidenti qismində Azərbaycana son səfəri idi: “Bundan sonra rəsmi Bakı Avropa İttifaqının yeni rəhbərləri ilə işləyəcək. Azərbaycan gələn ildən başlayaraq Avropaya qaz nəql edəcək. Digər tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanması vacibdir. Bu saziş birinci növbədə Azərbaycana lazımdır ki, Avropa İttifaqı ilə münasibətlərin dəqiq çizgiləri müəyyənləşsin”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:





Xəbər lenti