AQTA taxıl anbarlarını yoxlayıb

AQTA taxıl anbarlarını yoxlayıb
  10 İyul 2019    Oxunub:1649
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Şəki-Zaqatala bölgəsinin fərdi toxumçuluq fəaliyyəti ilə məşğul olan təsərrüfatlarının taxıl anbarlarında fumiqasiya (zərərsizləşdirmə) tədbirlərinə nəzarəti həyata keçirimək məqsədilə monitorinqlər aparılıb.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, monitorinq zamanı fumiqasiya olunmuş anbarlarda təhlükəsizlik qaydalarına əməl edilməsi və fumiqasiyanın əhəmiyyəti barədə fermerlərə məlumat verilib. Baxış keçirilən anbarlarda vəziyyətin qənaətbəxş olduğu müəyyən edilib. Zərərvericilərə qarşı bütün lazımi tədbirlərin görüldüyü və sahibkarların da öz növbəsində fumiqasiya tədbirlərini vaxtında apardıqları müşahidə olunub.

Monitorinqlərin keçirilməsində əsas məqsəd anbarlarda fitosanitar vəziyyətin qiymətləndirilməsidir. Belə ki, təkcə taxıl anbarlarda saxlandığı müddətdə zərərvericilər və mikroorqanizmlər tərəfindən 5-20%-ə qədər zədələnməyə məruz qalır. Odur ki, istehsal olunan toxumun sağlam və keyfiyyətli saxlanılması üçün anbarlar təmizlənməli və fumiqasiya olunmalıdır.

Qeyd edək ki, fumiqasiya (latınca fumigo – tüstü verirəm) – bitkilərin xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan mübarizə tədbiridir. Bitki və bitki mənşəli məhsulların, anbarların, elevatorların, tədarük bazalarının, konteynerlərin, fabriklərin, tara, pambıq, tütün və digər emal müəssisələrinin fumiqasiya edilməsi təxirəsalınmaz tədbirlərdən sayılır. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılmasına yol verilməməlidir.

Zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti, ixracı və təkrar ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti