Naxçıvanda təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib
Onun sözlərinə görə, işğalçı ölkə ilə sərhədin olması, ehtimal olunan təhdid və risklər təhlükəsizlik sahəsində tədbirləri genişləndirməyi zəruri edir.
"Ona görə də muxtar respublikanın xüsusi xidmət orqanları müasir dövrün təhdidlərini nəzərə almaqla qabaqlayıcı tədbirlər görməli, təhlükəsizliyin tam təmin olunması üçün fəaliyyətlərini gücləndirməlidirlər. Xarici Kəşfiyyat Xidməti muxtar respublikada siyasi, iqtisadi, sosial, hərbi, elmi-texniki, informasiya və digər sahələrdə dövlətin maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş fəaliyyətini daha da gücləndirməlidir. Bu zaman xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət maraqlarına qarşı yönəlmiş niyyətləri, planları barədə məlumatlar əldə edilməli, təhlükəsizliyə real və potensial təhdidlər proqnozlaşdırılaraq ümumiləşdirmələr aparılmalıdır.
Nəzərə alınmalıdır ki, hər məlumat kəşfiyyat məlumatı deyil. Kəşfiyyat fəaliyyətinin əsasında təhlil edilmiş və qiymətləndirilmiş məlumatlar dayanmalıdır. Çünki əldə edilən məlumat sistemli şəkildə analiz edilmədikdə və dəyərləndirilmədikdə yanlış nəticələrə gətirib çıxarır. Yalnız tamamlanmış kəşfiyyatın nəticəsi olan məlumatlar müvafiq sahədə dövlət siyasətinin istiqamətlənməsi üçün zəruri əsaslar yaradır. Kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına nüfuzetmə xidmətin təşkilində əsas şərtdir. Xüsusilə kəşfiyyat tədbirlərində informasiya texnologiyalarından, xüsusi texniki avadanlıqlardan, qeyri-aşkar üsul və vasitələrdən bacarıqla istifadə olunmalı, ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının mənafelərinin xaricdən gözlənilən mühüm risk, təhlükə və təhdidlərdən qorunması diqqətdə saxlanılmalıdır. Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları olan şəxslərlə profilaktiki işlər davam etdirilməli, xaricdən olan dini ekstremizmin təsirinin, müxtəlif dini baxışların siyasi məqsədlərlə istifadə cəhdlərinin qarşısı vaxtında alınmalıdır. Həmçinin beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığın digər formalarına qarşı qabaqlayıcı tədbirlər gücləndirilməlidir".
Ali Məclisin Sədri tapşırıb ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin edilməsi üçün əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyini artırmalıdır:
"Xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına, iqtisadi, elmi-texniki, müdafiə potensialına və digər milli maraqlara zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti vaxtında aşkarlanmalı, real və potensial təhdidlər proqnozlaşdırılmalı, adekvat tədbirlər görülməlidir. Muxtar respublikada ictimai həmrəyliyə qarşı yönəlmiş hərəkətlərin qarşısı alınmalı, xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata keçirilməlidir. Silahlı Qüvvələrdə silahların, hərbi sursatın saxlanma və istifadə qaydalarının pozulmaması, dövlət əmlakının qorunması məqsədilə ardıcıl tədbirlər görülməlidir. Bununla yanaşı, işğalçı ölkənin yeni silah, döyüş texnikası əldə etməsi və ya yaratması, sərhədlərimizin yaxınlığında qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması kimi məsələlər daim nəzarətdə saxlanılmalı, dəqiq və əsaslandırılmış məlumatlar verilməlidir. Xüsusi xidmət orqanları dövlət sirri təşkil edən məlumatların mühafizəsinə, məxfilik rejiminə, xüsusi rabitə növlərinin təhlükəsizliyinə məsuliyyəti artırmalıdır. Dövlət orqanlarındakı xüsusi əhəmiyyətli iş yerləri və müvafiq texniki vasitələr məlumat sızmasından qorunmalı, onlardan məlumat çıxarılması üçün istifadə olunan mümkün elektron vasitələrin təhlükəsizliyi təmin edilməlidir".
V.Talıbov vurğulayıb ki, xüsusi xidmət orqanlarının vacib vəzifəsi dövlətin möhkəmlənməsinə, müdafiə potensialının yüksəlməsinə və sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət etməkdir:
"Bunun üçün isə vətənpərvər, savadlı, dünyagörüşlü kadrlara ehtiyac vardır. Ona görə də xüsusi xidmət orqanlarında vətənpərvərliyi, dövlətinə sədaqəti ilə seçilən, milli maraqları üstün tutan kadrlar işə qəbul olunmalıdır. Gənclik böyük potensialdır. Onun düzgün istiqamətləndirilməsi, təhsilli, vətəninə və xalqına bağlı böyüdülməsi qarşıda duran əsas vəzifələrdir. Bu işdə xüsusi xidmət orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Gənclərin yad təsirlərdən qorunması diqqətdə saxlanılmalı, maarifləndirmə işləri və qabaqlayıcı tədbirlər görülməli, müvafiq dövlət qurumları ilə birlikdə fəaliyyət təşkil olunmalıdır. Ölkəmiz və muxtar respublika barədə əsassız informasiyaların yayılmasının qarşısı alınmalı, həmin informasiyaları yayan şəbəkələr müəyyənləşdirilərək zərərsizləşdirilməlidir".
Azvision.az