“Polis Prezidentin etimadını layiqincə doğrultmağa çalışacaq” - Nazir
Nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevn başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Müasirləşmə tendensiyasının Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə etdiyini vurğulayan general-polkovnik Vilayət Eyvazov ötən 16 ilə yaxın müddətdə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizatın yüksək səviyyəyə çatdırıldığını, onlarla elektron xidmət, veb-sayt, qaynar xətt və digər informasiya resurslarının yaradıldığını, polisin "ASAN xidmət" mərkəzlərində fəaliyyətinin təşkil olunduğunu deyib. Qeyd edilib ki, vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.
Nazir V.Eyvazov ölkə başçısının rəhbərliyi ilə təkcə cari ildə sosial islahatların reallaşdırılması nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqı pul təminatının artırıldığını, bu peşə bayramı ərəfəsində isə 26 əməkdaşın dövlət mükafatları ilə təltif edildiyini, rəhbər vəzifəli bir şəxsə ali xüsusi rütbə verildiyini xatırladaraq, bunun Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu bildirib, eyni zamanda, daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini dövlət başçısının və Birinci vitse-prezidentin yüksək qiymətləndirdiyini, şəxsi heyətə öz təşəkkürlərini ifadə etmələrini məmnunluq hissi ilə vurğulayıb.
Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Vilayət Eyvazov əmin edib ki, ulu öndər Heydər Əliyev ideallarına həmişə sadiq olan şəxsi heyət andına sadiq qalaraq Vətənə və xalqa xidmət kimi şərəfli yolda bundan sonra da qətiyyətlə irəliləyəcək, sabitliyi, vətəndaşlarımızın təhlükəsizliyini, qanuni mənafelərini, hüquq və azadlıqlarını bundan sonra da etibarlı qoruyacaq, Prezidentin inam və etimadını hər zaman layiqincə doğrultmağa çalışacaq. Çıxışının sonunda nazir Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü münasibətilə bir daha bütün şəxsi heyəti, veteranları, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıb. Sonra xidməti vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılmasına dair Daxili İşlər nazirinin əmri elan olunub. General-polkovnik Vilayət Eyvazov mükafatları təqdim edib. Təntənəli mərasimin sonunda Azərbaycan Dövlət Televiziyası tərəfindən hazırlanmış "Azərbaycan Polisi - 101" sənədli filmi nümayiş olunub.
Azvision.az
Teqlər: DİN Vilayət-Eyvazov