DİN-in 2 saylı uşaq bağçasında Polis Günü qeyd edilib - Video

DİN-in 2 saylı uşaq bağçasında Polis Günü qeyd edilib -    Video
  01 İyul 2019    Oxunub:1864
DİN Maddi-Texniki Təminat Baş İdarəsinin 2 saylı uşaq bağçasının kollektivi 2 iyul Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirib.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, tədbirdə şəhid ailələri, tanınmış ictimai-siyasi xadimlər, Daxili İşlər Nazirliyinin rəsmiləri, valideynlər iştirak ediblər. Nizami Kino Mərkəzində baş tutan mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə ilk öncə Azərbaycan polisinin keçdiyi 101 illik şərəfli və çətin tarixindən söhbət açılıb. O da qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Daha sonra Azərbaycan polisinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Mərasimdə bağçanın fəaliyyətini, eyni zamanda tərbiyə müəssisəsində keçirilən tədbirləri özündə əks etdirən fotoslayd və görüntülər təqdim olunub. Tədbir boyunca balacaların ifasında vətənpərvərlik mövzusunda səsləndirilən şeirlər, mahnılar, uşaqların hazırladıqları müxtəlif səhnəciklər, nümayiş etdirdikləri milli və əcnəbi rəqslər mərasimə xüsusi rəng qatıb, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə millət vəkili Adil Əliyev, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru Hafiz Təmirov çıxış ediblər. Asayiş keşikçilərinin fəaliyyətindən danışan natiqlər qeyd ediblər ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır və günü-gündən inkişaf edir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Tədbirdə çıxış edən DİN Maddi-Texniki Təminat Baş İdarəsinin 2 nömrəli uşaq bağçasının müdiri Sevinc Məmmədəliyeva bildirib ki, müəssisədə tərbiyə alan polis övladlarına canından, qanından keçmiş şəhidlərin qəhrəmanlıqları aşılanır, onlar vətənpərvər ruhda böyüyür, tərbiyə alırlar. Sevinc Məmmədəliyeva tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Sonda şəhid övladlarına hədiyyələr verilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti