Vasif Talıbov: “İslahatlar davam etdirilməlidir”
Ali Məclisin sədri bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunmalıdır.
"Maliyyə Nazirliyi büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarəti daha da gücləndirməli, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılmalıdır. Dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası təmin edilməli, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən bütün tədiyyə növləri üzrə vergi və rüsumlar vaxtında ödənilməlidir. Muxtar respublikada nağdsız ödənişlərin əhatə dairəsinin və həcminin artırılması məqsədilə Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birgə keçirilən tədbirlərin davamlılığına nail olmalıdır. Həmçinin muxtar respublika əhalisinin maliyyə resurslarına çıxış imkanları bank və digər kredit təşkilatları tərəfindən təmin edilməli, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına diqqət artırılmalıdır".
V.Talıbov qeyd edib ki, xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi inkişafın əsas hədəfidir:
"Xüsusilə idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyi muxtar respublikada xarici ticarət dövriyyəsinin artan dinamikasını davam etdirməli, yerli xammala əsaslanan istehsal müəssisələri yaradılmalı, yeni investisiyaların cəlbi və təşviqi istiqamətində tədbirlər görülməlidir. İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi üçün biznes mühiti daha da yaxşılaşdırılmalı, sahibkarlıq subyektlərinə hərtərəfli köməklik göstərilməli, istehsalın həcmi artırılmalı, daxili bazar qorunmalı, istehlak qiymətlərinə nəzarət olunmalı və süni qiymət artımına yol verilməməlidir. İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi birlikdə ailə təsərrüfatlarında istehsal edilən məhsulların növ və çeşidlərinin artırılması istiqamətində işləri davam etdirməli, yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunmalı, rəqabətqabiliyyətli məhsul istehsal edilməlidir".
Azvision.az
Teqlər: Vasif-Talıbov Naxçıvan