Moskvada DOST konsepsiyasının təqdimatı olub

Moskvada DOST konsepsiyasının təqdimatı olub
  28 İyun 2019    Oxunub:1495
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən III Regionların Sosial İnnovasiyalar Forumunda Azərbaycanın DOST konsepsiyasına dair geniş təqdimat olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə müxtəlif ölkələrdən nazirlər, qubernatorlar, sosial sahə ilə bağlı hökumət və qeyri-hökumət qurumlarının, biznes strukturlarının, ekspert cəmiyyətləri və könüllülər hərəkatlarının nümayəndələri iştirak ediblər. Sosial sahədə İT-in tətbiqi, bunun idarəçilik və əhaliyə xidmət proseslərinə təsiri, həmçinin potensial risklər, müvafiq sahədə rəqəmsal texnologiyaların tətbiqinin üstünlükləri və mümkün fəsadları, eləcə də digər məsələlər müzakirə olunub.

Forum zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hacıyev DOST konsepsiyasına dair geniş təqdimatla çıxış edib. Azərbaycanın dövlət sosial xidmətləri sahəsində uğurlu innovativ təcrübəsi olan DOST layihəsi Forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bundan başqa, Forumda “Milli layihələrin reallaşdırılmasında innovasiya layihələri və texnologiyaları”, “Milli layihələrin reallaşdırılmasında qeyri-kommersiya təşkilatlarının rolu”, “Əhalinin məşğulluğu siyasətində innovativ yanaşmalar”, “Könüllüyə dəstək standartı”, “Gümüş yaşda insanlar üçün təhsil: istəklər və imkanlar”, “Sosial sahənin inkişafında texnologiyalar: sinerji, texnologiyalar, həllər” və s. mövzularda sessiyalar keçirilib.

Rəsmi proqramdan əlavə, forum zamanı əlil şəxslərin əl işləri sərgiləri, müxtəlif kollektivlərin səhnəcikləri, xeyriyyə teatr tamaşaları və konsert proqramlarının nümayişi də təşkil edilib.

Azvision.az



Teqlər: ƏƏSMN   DOST   Moskva  





Xəbər lenti