“Əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılsın” - Müdafiə naziri

“Əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılsın” -    Müdafiə naziri
  25 İyun 2019    Oxunub:2951
Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Silahlı Qüvvələr Günü münasibətilə öz təbriklərini müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncamın Ordumuzun bütün şəxsi heyəti tərəfindən dərin minnətdarlıq hissi və böyük ruh yüksəkliyi ilə qarşılandığını xüsusi qeyd edib. Nazir dövlətimizin bu sahədə gördüyü işlərin davamlı olacağından əminliyini ifadə edib.

Müdafiə naziri qoşunların təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, şəxsi heyətin sayıqlığının artırılması və təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

Nazir, həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması, onların sağlamlığına diqqətin artırılması və hərbi hissələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə də göstəriş verib.

Azvision.az


Teqlər: MN   Təmas-xətti  





Xəbər lenti