Azərbaycan və Rusiya Baş prokurorluqları arasında saziş imzalanıb - FOTOLAR
Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror Z.Qaralov Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətlərdən geniş danışıb. Baş prokuror ötən illər ərzində prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində aparılan mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə həmkarına məlumat verib.
Görüş zamanı Azərbaycan və Rusiya Baş prokurorluqları arasında tərəf dövlətlərin qanunvericilikləri və tətbiq edilən beynəlxalq müqavilələr rəhbər tutularaq “Əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. sonra Baş prokuror Z.Qaralov möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin bir çox sahələrdə olduğu kimi özünü hüquq mühafizə sahəsində də büruzə verdiyini vurğulamış, Azərbaycan və Rusiya Baş prokurorluqları arasında izmalanmış Sazişin əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olacağına və yeni perspektivlər üçün əlverişli zəmin yaradacağına əminlik ifadə edib. Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Yuri Çayka imzalanmış sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirərək münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu qeyd edib.
Görüşdə cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq,korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, hüquqi yardım, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda Baş prokuror Zakir Qaralov Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykaya Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib. Görüşdə Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edirdi.
Azvision.az
Teqlər: Baş-Prokurorluq Rusiya Azərbaycan