Azərbaycanda qəbir axtaran “hüquqşünaslar”ın fırıldağı

   Azərbaycanda qəbir axtaran “hüquqşünaslar”ın fırıldağı
  24 İyun 2019    Oxunub:3476
Azərbaycanda yeni qəbir axtaran "hüquqşünaslar" var. Onlar yeni qəbirlərdə olan şəxsin qəzada öldüyünü bilən zaman onun varislərini tapır. Həmin şəxslərlə "anlaşma" əldə edir və İcbari Sığorta Bürosundan pulu aldıqdan sonra yarısını varisə, yarısını isə cibinə qoyur.
Azvision.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib. O bildirib ki, insanların bu vəsaiti almaq haqqı var.

"Bizim dediyiniz odur ki, insanlar bu vəsaiti özləri alsın, bu, onların qanuni haqqıdır. İstəyirik ki, arada şəxslər olmasın".

R.Əhmədov qeyd edib ki, avtomobillərin icbari sığortası üzrə əmsal 100 faizə çatır. Bu sahədə demək olar ki, problem həll edilib.

"Bu gün paytaxtda olan avtomobillərin dəyəri çox yüksəkdir. İcbati sığorta isə dəyən zərərin 5 min manata qədər hissəsini ödəyir. Zərər böyükdürsə, qalan hissənin ödənilməsində sizə yalnız könüllü sığorta kömək edə bilər".

İcraçı direktor əlavə edib ki, İcbari Sığorta Bürosu qarant funksiyasını daşıyır, yəni sığorta şirkəti iflas edərsə, bu zaman Sığorta Bürosu onun öhdəliyini yerinə yetirir.

"İflas, ölüm, bədən xəsarətləri zamanı Büro sığortasız tərəfin təminatıdır. Belə hallarla bağlı 2018-ci ildə 800 min manata yaxın təzminat ödənilib. İnsanların sığortaya inanması üçün davamlı tədbirlərin görülməsi lazımdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Sığorta   Hüquqşünas   Direktor   Maşın  





Xəbər lenti