Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür

Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür
  24 İyun 2019    Oxunub:3247
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, Hacıyev Əlif Lətif oğlu 24 iyun 1953-cü ildə Xocalı şəhərində dünyaya gəlib. 1970-ci ildə orta məktəbi bitirərək sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb və hərbi xidməti Minsk şəhərində keçib.

1974-84-cü illərdə Belarus Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub, 1979-cu ildə həmin məktəbi bitirərək, 1981-ci ildən təhsilini SSRİ DİN-in akademiyasında davam etdirib.

1990-cı ildə daxili işlər orqanlarında Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunub. 1991-ci ildə ona mayor rütbəsi verilib.

Ə.Hacıyev 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı qəhrəmancasına həlak olub. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi. İki qız övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Azvision.az



Teqlər: Milli-Qəhrəman   Qarabağ   Şəhid  





Xəbər lenti