ABŞ-da departament rəhbəri olan 28 yaşlı azərbaycanlı - FOTO

  ABŞ-da departament rəhbəri olan 28 yaşlı azərbaycanlı -    FOTO
  24 İyun 2019    Oxunub:13127
Bugünkü qəhrəmanım Vüsal Nəzərovun cəmi iyirmi səkkiz yaşı var. Rusiyanın Arxangelsk şəhərində dünyaya gəlsə də, bir yaşından iyirmi altı yaşınadək Azərbaycanda yaşayıb. Orta təhsilini Naxçıvanski adına hərbi liseydə başa vurub.
2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alaraq mühəndis iqtisadçı ixtisasına yiyələnib. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2013-cü ildə “Schlumberger” şirkətinin Bakı ofisində əmək fəaliyyətinə başlayıb. Üç il orada satınalma üzrə mütəxəsis, sonra baş mütəxəsis vəzifələrində çalışıb. 2016-cı ildə işinə fasilə verərək, bir il İtaliyanın Piza Universitetində biznesin idarə olunması üzrə təhsilini davam etdirib və magistr dərəcəsi alıb. 2017-ci ildə Bakıya dönərək, bu dəfə “Schlumberger” şirkətinin neft quyularının qazılması şöbəsində mütəxəsis işləyib. 2017-ci ilin avqust ayından həmin şirkətin ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən baş ofisində çalışır. Əvvəlcə Rusiya və mərkəzi asiya ölkələri üzrə ixracat şöbəsində mütəxəsis vəzifəsini icra etsə də, hazırda avropa və yaxın şərq ölkələri üzrə departamentin rəhbəri vəzifəsində işləyir.



Atası hərbiçidir. Anası isə evdar xanımdır. Vüqar adlı bir qardaşı da var. Vüqar Almaniyanın Frankfurt Universitetində magistr təhsili alır.

Bütün gənclər kimi Vüsalın da arzuları çoxdur. Gələcəkdə ixracat üzrə məsləhət şirkəti yaradıb, müştərilərinə bu sahədə dəstək vermək istəyir. Dünya ədəbiyyatını mütaliyə etməkdən yorulmur. Azərbaycan yazarlarından Aslan Quliyevin, Varis Yolçuyevin, Elxan Elatın, Çingiz Abdullayevin əsərlərini oxuduğunu söyləyir. İdmanı çox sevir. Paraşütdən tullanmağı xoşlayır. Tez-tez balıq ovuna gedir. Musiqiyə həvəsi onu bir il skripka dərsləri almağa ruhlandırıb, artıq bu musiqi alətində sərbəst ifa etməyi bacarır.

2018-ci ildə ailə qurub. Ömür-gün yoldaşı Günay xanım Azərbaycan Dillər Universitetinin məzunudur. Vüsal tezliklə ata olacağına sevinir.



Milli mənəvi dəyərlərə bağlı insandır. Milli kimliyini unutmur. Çalışır ki, davranışı, əməlləri ilə amerikalılar arasında xalqımızın başını uca etsin, azərbaycanlıları onlara sevdirə bilsin. Mədəni, yüksək intelekli gəncdir. İti zəkası, aydın düşüncə tərzi ilə fərqlənir. Zəhməti, bacarığı, savadı sayəsində vəzifə pillələrində irəliləyərək Amerika cəmiyyətində nüfuzlu şəxslərdən biri olmağa səy göstərir.

Deyir ki, - “Azərbaycan neft sənayesinin beşiyidir. Bu sahədə ölkəmizin böyük təcrübəsi vardır. Bu barədə mənimlə işləyən amerikalılara bilgi verməkdən yorulmuram. Onları Azərbaycan, Bakı haqqında bacardığım qədər məlumatlandırmağa çalışıram”.



Bəli, yüksək təhsil almış Azərbaycan gəncləri bacarığına, savadına, işgüzarlığına, səmimiyyətinə, mədəniyyətinə görə dünya gəncləri ilə eyni səviyyədədir. Onlara meydan verib, şərait yaradanda, hətta əcnəbi həmyaşıdlarından irəli gedə bilirlər. Lap elə bizim Vüsal Nəzərov kimi. Zarafat deyil, gənc olmasına baxmayaraq, Amerika kimi nəhəng bir ölkədə məşhur “Schlumberger” neft şirkətinin avropa və yaxın şərq ölkələri üzrə departamenti ona həvalə olunub.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: Amerika   Şirkət   Departament  





Xəbər lenti