Əli Nağıyev DTX-nın kollektivinə təqdim olunub

 Əli Nağıyev DTX-nın kollektivinə təqdim olunub
  21 İyun 2019    Oxunub:5461
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.
Azvision.az xəbər verir ki, bu gün Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyətinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev göstərilən ali etimada görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib və əmin edib ki, Ali Baş Komandanın müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərəflə xidmət üçün bütün imkanlar bundan sonra da tam səfərbər olunacaq.

Əli Nağıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin şanlı vətənpərvərlik və peşəkarlıq irsi Dövlət Təhlükəsizliyi Xidmətində şəxsi heyət tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcək.

Təqdimat tədbirində iştirak edən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin olunmuş Mədət Quliyev şəxsi heyətlə vidalaşıb və xidmətdə yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

Eyni zamanda, bu gün Baş Prokuror Zakir Qaralovun, Respublika Baş Prokurorluğunun kollegiyasının üzvlərinin, eləcə də mərkəzi aparatının kollektivinin iştirakı ilə Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı Baş Prokurorluqda tədbir keçirilib.

Baş Prokuror çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı dövlətimizin başçısına minnətdarlığını bildirib. O və digər çıxış edənlər 2011-ci ildən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış Əli Nağıyevin xidmətlərini yüksək qiymətləndirib və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi kimi ona gələcək fəaliyyətində uğurlar diləyiblər.

Azvision.az



Teqlər: DTX   Əli-Nağıyev  





Xəbər lenti