Hakimlərə maaşdan əlavə aylıq pul təminatı veriləcək

   Hakimlərə maaşdan əlavə aylıq pul təminatı veriləcək
  21 İyun 2019    Oxunub:2383
Azərbaycanda səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.

Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində qeyd edilir:

“Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir”.

Dəyişikliklə isə bu faiz bərabərləşdirilir. Yəni hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq. Belə ki, Naxçıvan Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat əlavə aylıq pul təminatı alacaqlar. Digər hakimlər də müvafiq qaydada bu pul təminatını alacaqlar.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hakim   Məhkəmə  





Xəbər lenti