Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artırılır

 Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artırılır
  21 İyun 2019    Oxunub:2208
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 mln. manat (5,1%) artırılıb. Artırılan məbləğ nəticəsində fondun dövlət büdcəsindən asılılığının səviyyəsinin 38,3%-dən 32,8%-ə qədər azalması gözlənilir ki, bu da onun maliyyə dayanıqlılığının təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən əmək haqqılarının ayrı-ayrı sahələr üzrə 20-40% artımı ümumilikdə 18,7%-lik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.

“2019-cu ilin dövlət büdcəsi büdcə qaydaları əsasında tərtib olunur. Burada büdcənin yuxarı həddi müəyyən olunub. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 mln. artması onun yuxarı həddində həyata keçirilir. 2019-cu ilin büdcəsi qəbul olunarkən 3 faizlik yuxarı hədd qoyulsa da, tam həcmdə yox, 2,7-2,8 faiz həcmində idi. 200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə də bu məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir. Dövlət Sosial Müdafiə Fondunda artım əməkhaqlarının gəlirlərinin artmasından ibarət olur”

Palata sədri cari ilin 5 ayında Vergilər Nazirliyi tərəfindən aylıq gəlirlərin uğurla icra olunduğunu əlavə edib: “Xüsusən fiziki şəxslərin gəlir vergisi sahəsində uğur əldə edilib. Fiziki şəxslərin gəlir vergisi sahəsində büdcənin özündə də artım nəzərdə tuta bilərdik. Hazırda artım nəzərdə tutulmadığı bir şəraitdə bu yalnız dövlət büdcəsinin kəsirinin maliyyələşməsi üçün əlavə mənbə yaradacaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vüqar-Gülməmmədov   Hesablama-Palatası  





Xəbər lenti