“Həmsədrlər danışıqlar üçün əlavə sənədlər təqdim etdi” - Məmmədyarov
Məmmədyarov “intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib. O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib.
“Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik. Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır.”
Nazir indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə diqqət çəkib. O, habelə problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışıb.
“Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normallaşdırılmasından danışanda digər vacib məsələ Paris və Moskva görüşlərimizdə razılaşdığımız kimi, əhalini sülhə hazırlamaqdır” - XİN rəhbəri bildirib.
Azvision.az