Vaşinqton görüşü: Həmsədrlərin pərdəarxası oyunları - ŞƏRH

Vaşinqton görüşü:  Həmsədrlərin pərdəarxası oyunları -  ŞƏRH
  21 İyun 2019    Oxunub:4057
İyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüş keçirilib. Görüşün nəticələrinə dair həmsədrlərin yaydığı bəyanatda qeyd olunur ki, danışıqlar zamanı XİN rəhbərləri ilə məsləhətləşmələr aparılıb.
Eyni zamanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsini icra edən Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişi barədə məlumatlandırılıb.

Bundan əlavə, həmsədrlər tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək, həmçinin atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə bağlılıqlarını təsdiq etməyi çağırıblar. XİN rəhbərləri yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.



Vaşinqton görüşünü Azvision.az -a şərh edən politoloq Sahil İskəndərov deyib ki, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur.

“Diqqət çəkən məqamlardan biri budur ki, niyə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündən sonra məhz Vaşinqton israrla təklif etdi ki, növbəti görüş ABŞ-da keçirilsin? Buradan konkret olaraq biz bir şeyi görürük ki, heç bir nəticə verməyən bu görüşlər əslində danışıqlar prosesində irəliləyişin hesabına yazılan xal kimi yox, əsas həmsədr dövlətlər olan ABŞ və Rusiyanın öz hesablarına yazdıqları uğur kimi qiymətləndirilməlidir. Halbuki danışıqlar prosesinin özündə heç bir irəliləyiş yoxdur. Məhz bu məqam çox təəssüfləndirici haldır. Bu bir daha göstərir ki, həmsədr dövlətlər münaqişənin həlli ilə yox, hələlik qorunub-saxlanılan status-kvo fonunda bir-birinə qarşı apardıqları geosiyasi savaş, Cənubi Qafqazda nüfuz uğrunda və Dağlıq Qarabağ məsələsində kimin daha üstün olduğunu göstərmək yönündə apardıqları mübarizədə öz hesablarına xal yazmaqla məşğuldurlar ”, - S.İskəndərov vurğulayıb.



Politoloq qeyd edib ki, indiyə qədər keçirilən görüşlər kimi Vaşinqton görüşünü də nəticəsiz hesab etmək olar: “ Futbolda çox yaxşı bir deyim var. Komanda yaxşı oynadı, amma nəticə heç-heçə və ya məğlubiyyətdir. Əgər nəticə yoxdursa, komandanın gözəl oynamağının heç bir əhəmiyyəti yoxdur. Həmsədrlər isə neçə illərdir oynamırlar, oyunbazlıqla məşğuldurlar. Ortada da nəticə yoxdur. Təəssüfləndirici hal budur. Vaşinqton görüşü haqqında da bunu demək mümkündür”.

Həmsədrlərin tərəfləri atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə çağırmasına münasibət bildirən politoloq deyib:

Anton Çexovun “Albalı bağı” pyesində yaxşı məqam var. Əgər birinci səhnədə divardan tüfəng asılıbsa, deməli sonda mütləq o atılacaq. Məsələ burasındadır ki, həmsədrlər bunu başa düşmürlər. Axı regionu bu vəziyyətə gətirib çıxaran onlardır. Əgər ehtiraslar coşursa, atəşkəs pozulursa, konkret onların məsuliyyətidir. Dəfələrlə həmsədrlər belə bəyanat verib: “Biz tərəflərin razılşadırdığı istənilən qərarı dəstəkləyəcəyik”. Əslində tərəflər həmsədrlərin gəldiyi istənilən ortaq məxrəci dəstəkləməyə hazırdır. Onlar imkan vermirlər ki, tərəflər öz aralarında razılığa gələ bilsinlər. Hər biri min bir pərdəarxası oyunla məşğuldur.



Digər bir məsələ, əgər atəşkəsin pozulması onları belə narahat edirsə, birinci növbədə Ermənistana təzyiq göstərsinlər ki, BMT-nin məlum 4 qətnaməsini yerinə yetirsin. Zəhmət çəkib təzyiq mexanizmini işə salsınlar, atəşkəs də pozulmasın. Ümumən götürdükdə dünya nizamında belə halların baş verməsinə böyük dövlətlər məsuliyyət daşıyırlar. Onlar bu məsuliyyətdən danışsınlar. Başa düşsünlər ki, atəşkəs dövlətlərarası sərhəddə yox, Azərbaycan ərazisində pozulur. Bunun qarşılığında belə spekulyativ bəyanatlar göstərir ki, həmsədrlər necə ikiüzlü siyasət yürüdürlər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qarabağ   Vaşinqton   Görüş   Həmsədrlər  





Xəbər lenti