“Dini müstəvidə basqılar bir an belə səngimir” - Səyavuş Heydərov

   “Dini müstəvidə basqılar bir an belə səngimir” -    Səyavuş Heydərov
  20 İyun 2019    Oxunub:2688
Azərbaycanda radikalizmin və ekstremizmin bazası yoxdur və belə bir quruplaşma ölkəmizdə mövcud deyil.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dini durum sabitdir: "Dövlətin qayğısı kifayət qədərdir. Dini etiqad qorunur və bütün inanclı insanların dini etiqadını həyata keçirməsi üçün şərait yaradılıb. Bunun sayəsində ölkəmizdə mükəmməl dini birlik mövcuddur".

Sədr müavini qeyd edib ki, dünyanın bir çox ölkələrində multikulturalizm iflasa uğrayıb: "Onun yerini radikal tendensiyalar, qruplaşmalar tutacaq. Bu da dövlətlərin təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək. Azərbaycanda görülən işlər kifayət qədər əhəmiyyət kəsb edir. Buna dünya birliyi tərəfindən yüksək qiymət verilir. Dünyadakı çağırışları nəzər alsaq görürük ki, Azərbaycan dünyada sülhün bərqərar olması üçün çox faydalı işlər görür. Azərbaycanın səyləri zaman gələcək dünyada tarixi hadisəyə çevriləcək".

S.Heydərov, həmçinin vurğulayıb ki, Azərbaycana təhdidlər çox güclüdür: "Əgər əvvəllər siyasi müstəvidə basqıları görürdüksə, indi dini müstəvidə basqıların bir an belə səngimədiyini müşahidə edirik. Hər bir fürsətdən istifadə edib və yad ideologiyaları Azərbaycana ixrac etəməyə çalışırlar. Hər bir Azərbaycan vətəndaşı mili-mənəvi dəyərləri mənimsəməli, öyrənməli və öz həyatında tətbiq etməlidir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Din   Komitə  





Xəbər lenti