Ramiz Mehdiyev Rusiyada beynəlxalq görüşdə iştirak edib

   Ramiz Mehdiyev Rusiyada beynəlxalq görüşdə iştirak edib
  19 İyun 2019    Oxunub:3048
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib.
Azvision.az xəbər verir ki, Rusiya Federasiyasının Ufa şəhərində keçirilən, 119 ölkənin təmsilçilərinin iştirak etdikləri görüşdə hibrid təhlükələrin artması şəraitində milli təhlükəsizliyin və dayanıqlı iqtisadi-sosial inkişafın təmin edilməsi məsələsi müzakirə olunub.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev görüşdə məruzə ilə çıxış edib, hibrid təhlükələrin proqnozlaşdırılması, qabaqlanması və qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşün gündəliyinə, həmçinin fövqəladə humanitar cavab tədbirləri sahəsində əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyi sistemi və terrorçuluq ideologiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi daxildir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Moldova Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Dəmir Sıqınbayev ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azvision.az



Teqlər: Ramiz-Mehdiyev   Rusiya   PA  





Xəbər lenti