Məhkəmə-hüquq sahəsindəki islahatlar təqdir olunur
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, plenar müşavirə, panel diskussiyalar, təqdimatlar, dəyirmi masa və seksiya iclasları şəklində keçirilən konfransda dövlət resurslarının idarə olunması, dövlət xidmətlərinin göstərilməsi, sahibkarlarla əməkdaşlığın və iqtisadi idarəetmənin gücləndirilməsi, elektron hökumətin perspektivləri və bu kimi digər aktual mövzular müzakirə olunub.
Tədbirdə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller, Türkiyə Respublikasının vitse-prezidenti Yılmaz Tuna, Maliyyə və Xəzinədarlıq nazirinin müavini Osman Dinçbaş giriş nitqi ilə çıxış ediblər.
S.Müller son illər Avropa və Asiya ölkələrinin idarəçiliyin gücləndirilməsi sahəsində əldə etdikləri nailiyyətlərdən danışarkən Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına xüsusi yer ayırıb. Bəzi kateqoriyadan olan işlərə avtomatlaşdırılmış rejimdə baxılma sisteminin tətbiq edilməsinin əhəmiyyətini vurğulayan S.Müller bunu həm də hakimlərə mürəkkəb işlər üçün daha çox vaxt ayırmağa imkan verən təqdirəlayiq hal kimi qiymətləndirib.
Konfransda ölkəmizlə bağlı üç mövzu üzrə, o cümlədən ədalət mühakiməsinin islahatı və bu sahədə göstərilən xidmətlərin yaxşılaşdırılması, monitorinq və qiymətləndirmə prosesi, neftçıxarma sahəsinin şəffaflığının yüksəldilməsi təcrübəsi barədə təqdimatlar keçirilib.
Aidiyyəti təqdimatda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrə əlçatanlığın artırılması, xüsusilə yeni məhkəmə infrastrukturunun və elektron məhkəmənin yaradılması üzrə görülən genişmiqyaslı işlər, bu sahədə qanunvericilikdəki mütərəqqi dəyişikliklər nümayiş etdirilib. Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı və “Mediasiya haqqında” Qanun barədə məlumat böyük maraqla qarşılanıb.
Təqdimatlardan sonra tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı cavablandırılıb. Müzakirələr zamanı Dünya Bankının rəsmiləri konfrans iştirakçılarına nümayiş olunan yenilikləri Azərbaycana səfər edərkən yerində müşahidə etdiklərini bildiriblər.
Tədbir çərçivəsində Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional ofisinin rəhbəri Sebastian Molineus, Türkiyənin Ədliyyə nazirinin müavini Selahaddin Menteş, Gürcüstan, Qazaxıstan, Albaniya və İtaliyanın nümayəndə heyətləri ilə fikir və təcrübə mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: