“Sağlamlığı məhdud olan uşaqları övladlığa götürmürlər” - Komitə rəsmisi

“Sağlamlığı məhdud olan uşaqları övladlığa götürmürlər” -    Komitə rəsmisi
  18 İyun 2019    Oxunub:2370
2006-cı ildə Azərbaycanda dövlət uşaq müəssisələrində 21 mindən çox uşaq var idisə, bu gün onların sayı 3 mindən azdır.

Bunu Azvision.az -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Komitə rəsmisi bildirib ki, internat müəssisələrində qalan uşaqların əksəriyyəti həftənin 5 günü orada saxlanılır, həftə sonu isə ailələri ilə qalırlar.

“Bunlar əsasən tənha valideynlər, yəni ana və atanın təkbaşına uşaq böyütdüyü ailələr, sosial təminatı az olan ailələrdir. Komitədə ailə və uşaq strategiyaları hazırlanıb və bu il qəbul edilməsi planlaşdırılır. Orada əsas yük ailə strukturunun gücləndirilməsi, tənhalıqla mübarizə, eyni zamanda uşaqların ailədə böyüdülməsi üçün yeni sistemlərin təkmilləşdirilməsinə yönəldilib. Ölkələrarası övladlığa götürülmə sahəsində də təkmilləşdirilmə aparılır”.



E.Səfərov qeyd edib ki, Azərbaycanda internatların sayının çox olmasına ehtiyac yoxdur: “Beynəlxalq təcrübədə var ki, 3-4 uşaq internat müəssisəsindən götürülüb, müəllim olan ailələrdə saxlanılır. Müəllim olan ailələr uşaqlara pedoqoji biliklərin verilməsi ilə əlaqədar seçilir. Azərbaycanda da bu kimi sistemlərin tətbiq edilməsi vacibdir. Təəssüf ki, 4-5 yaşdan sonra uşaq müəssisələrindən uşaqların övladlığa götürülməsi halları çox azdır. Əksər ailələr təzə doğulmuş və ya 1 yaşa qədər olan uşaqları övladlığa götürmək istəyirlər. Həmçinin mənfi tendensiya var ki, ailələr sağlamlığı məhdud olan uşaqları övladlığa götürmək istəmirlər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Komitə   Uşaq  





Xəbər lenti