Mikayıl Cabbarov yenidən Federasiya prezidenti seçildi

 Mikayıl Cabbarov yenidən Federasiya prezidenti seçildi
  16 İyun 2019    Oxunub:2065
Bu gün Azərbaycan Badminton Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.
Azvision.az xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.

Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edən Çingiz Hüseynzadə ötən 4 il ərzində Azərbaycan Badminton Federasiyasının kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti, xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuzun II Avropa Oyunlarına vəsiqə qazanmasını böyük nəticə olduğunu qeyd edib.

Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib. Federasiya prezidenti qeyd edib ki, son illər dövlət başçısının dəstəyi ilə bu sahədə müəyyən irəliləyişə nail olunub. O, əldə olunan nəticələrdə, bu idman növünün ölkəmizdə populyarlaşmasında Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rolunu xüsusi vurğulayıb.

Mikayıl Cabbarov badmintonçularımızın beynəlxalq yarışlarda qazandığı medalları, Bakıda International Challenge seriyalı turnirin keçirilməsini, badmintonçumuzun II Avropa Oyunlarına vəsiqə qazanmasını, bu idman növünün kütləviliyi istiqamətində atılan addımları və əldə olunan digər nailiyyətləri son dörd ilin uğurları kimi dəyərləndirib.

Konfransda Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayevin hesabatı dinlənilib.

Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Konfrans nümayəndələri Mikayıl Cabbarovu yenidən Azərbaycan Badminton Federasiyasının prezidenti seçiblər. Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində federasiyanın vitse-prezidentləri, Nəsimi Musayev isə baş katib vəzifələrini icra edəcəklər.

Konfransın sonunda gündəlikdəki cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.

Azvision.az


Teqlər: Mikayıl-Cabbarov   Federasiya  





Xəbər lenti