Cocuq Mərcanlıda 26 ildən sonra ilk “Son zəng” - FOTOLAR
Hələ iki dərs ili əvvəl bu məkanda - düşmən tapdağından azad edilərək yenidən qurulan Cocuq Mərcanlıda 24 ildən sonra ilk məktəb zəngi mərasiminə toplaşmışdıq. O zaman həyatlarının ən xoşbəxt günlərindən birini yaşayan Cocuq Mərcanlı sakinləri sevinc və coşqu ilə illərlə həsrətini çəkdikləri doğma kəndlərində inşa edilən məktəbdə ilk dərs gününü bayram edirdilər. Bu gün isə məktəbin ilk məzunları – ilk qaranquşları dövlətimizin hər cür qayğısı ilə əhatə edilmiş bu təhsil ocağından müstəqil həyata qədəm qoyurlar.
Bayraqlar, əlvan şarlar, çiçəklərlə bəzədilmiş məktəbin həyətində qələbəlikdir. Kənd sakinləri, müəllimlər, şagirdlər, valideynlər, hər kəs deyib-gülür. İnsanların çöhrəsində bir sevinc, həyəcan, iftixar və gələcəyə inam hissi duyulur.
Məktəbin direktoru Zamin Həziyev sevincini bizimlə bölüşərək deyir: “2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyi azad olunduqdan sonra Prezident İlham Əliyevin sərəncamları ilə kəndimiz yenidən quruldu. Kənd sakinləri 24 illik məcburi köçkünlük həyatından sonra ata-baba yurdlarına qayıtdılar. Cocuq Mərcanlı kənd tam orta məktəbi üçün gözəl yaraşıqlı bina tikildi və təhsil ocağı 24 illik fasilədən sonra - 2017-ci ilin sentyabrından doğma kəndimizdə fəaliyyətini davam etdirməyə başladı. Ötən il məktəbimizin 11-ci sinifi olmadığı üçün məzunlarımız da olmayıb. Bu gün isə Cocuq Mərcanlıda ilk məzunlar məktəbdən yola salınır.
Məzunlarımızdan ali və orta ixtisas məktəblərinə qəbul olanlar da var. Bu, bizi sevindirir. Arzu edirəm bizim kimi bütün məcburi köçkünlər də bu sevinci yaşasınlar. Hazırda işğal altında olan digər torpaqlarımız azad olunsun, Cocuq Mərcanlıda olduğu kimi, Qarabağımızın bütün yaşayış məntəqələrində gözəl məktəblər tikək, belə “Son zəng” mərasimləri keçirilsin”.
Müəllimlərdən ən çox sevinən, duyğulanan isə 11-cilərin sinif rəhbəri Sitarə Həsənovadır. “Bu gün mən çox sevinirəm, fərəhlənirəm. Ona görə ki, doğma torpağımda, doğma məktəbimizdə ilk məzunlarımızı yola salırıq. Eyni zamanda kədərliyəm, çünki dərs keçdiyim, övladlarım kimi sevdiyim şagirdlərimdən ayrılıram. Mən bir müəllim kimi onlara ən xoş arzularımı bildirir və həyatda uğurlar arzulayıram”, – deyə Sitarə müəllim bildirib.
Cocuq Mərcanlı kənd tam orta məktəbini bu il 6 şagird bitirir. Hamısı duyğuludur. Çünki doğma məktəblərindən ayrılırlar. Ancaq onların hər birinin öz arzusu, öz gələcək planı var. Onlardan biri - Nərmin Quluzadə təhsilini tibb texnikumunda davam etdirmək və tibb bacısı kimi doğma kəndlərində fəaliyyət göstərmək istədiyini deyib.
“Son zəng” mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Məzunlar isə onlara göstərilən etimadı layiqincə doğruldacaqlarına söz veriblər.
Mərasimlərdə birinci və on birinci sinif şagirdləri bir-birilərinə gül dəstələri və hədiyyələr təqdim ediblər. Müxtəlif kompozisiyalar, musiqili nömrələri iştirakçılarda xoş və kövrək anlar yaradıb.
Azvision.az
Teqlər: Cocuq-Mərcanlı Son-Zəng