Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib

Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib
  14 İyun 2019    Oxunub:1862
Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Xilaskar” adlı konfrans keçirilib.
Fondun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, sədrin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov, Fondun icraçı direktoru Mehman İsmayılov, Millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Quliyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələri, tələbələr və gənclər iştirak ediblər.



Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov M.İsmayılov qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun xalqımız üçün böyük əhəmiyyətə malik bir gündür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə mühüm siyasi hadisə kimi daxil oldu. 1993-cü ildə xalqın xahişi ilə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır.



Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş etdirilib. DQİDK-nın sədri M.Qurbanlı bildirib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.



Millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü M.Quliyev vurğulayıb ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.



DQİDK-nın sədr müavini S.Heydərov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hələ Sovet dönəmində milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Əgər Ulu Öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.



Daha sonra çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru C.Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R.Həsənov, “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planların artıq Azərbaycanın gerçəkliyinə çevrildiyini, Ulu Öndərin fəaliyyətinin və şəxsiyyətinin Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil etiyini diqqətə çatdırıblar. Natiqlər qeyd ediblər ki, hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.



Azvision.az



Teqlər: DQİDK   İlahiyyat-İnstitutu  





Xəbər lenti