“Qarabağa turların qarşısını alırıq, stendləri sökdürürük” - Agentlik rəhbəri

  “Qarabağa turların qarşısını alırıq, stendləri sökdürürük” -    Agentlik rəhbəri
  14 İyun 2019    Oxunub:3546
“Turizm şirkətlərinin fəaliyyəti lisenziya ilə təmin olunmadığı üçün onların dəqiq sayını müəyyən etmək çətindir. Lakin turizmin inkişafı tələb edir ki, bu məsələ sistemləşsin, xaotik hal almasın”
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Agentlik rəhbəri deyib ki, Azərbaycanda faktiki olaraq turizm sənayesi formalaşır.

“Biz qanunvericilik təşəbbüsləri ilə çıxış edirik. İstəyirik ki, qanuna dəyişiklik olsun. Amma bu dəyişiklərin turizm şirkətlərinin fəaliyyətinə hər hansı əngəl gətirməsini istəmirik. Turizm şirkətləri başa düşməlidir ki, bu, ümumi işin, sənayenin inkişafına xidmət edir. Mexanizmlərdən biri reystrin qurulmasıdır ki, turizm şirkətləri orada xidmətlərini göstərsinlər. Digər mexanizmlərə də baxırıq”.

Turizm sahəsində bir sıra assosasiyaların fəaliyyət göstərdiyini deyən F.Nağıyev onlara etik kodeksləri qəbul etməyi məsləhət görüb.

“Qara siyası və s. ictimai qurumlar çərçivəsində tətbiq edilə bilər. Bunlar tətbiq olunsa, müsbət hal kimi qiymətləndirilməlidir”.

F.Nağıyev, həmçinin qeyd edib ki, bir sıra hallarda turizm şirkətlərinə hansı turları təşkil etməmələri ilə bağlı tövsiyələr verilir.

“Elə ölkələr var ki, orada mübahisəli ərazilər, konflikt zonaları mövcuddur. Həmin ərazilərə turların təşkil edilməməsi və təbliğatın aparılmamasına dair tövsiyələr veririk. Dünya turizm təşkilatının xüsusi qərarı var. O qərarın təşəbbüsü Azərbaycandan gəlib ki, belə turlar nə təbliğ, nə də təşkil olunsun”.

Qurum rəhbərinin sözlərinə görə, bir sıra sərgilərdə Ermənistanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə təşkil etdiyi turların qarşısı alınır.

“Biz Ermənistanın Qarabağ istiqamətində təşkil etdikləri turların sərgilərdə qarşısını alırıq, stendlərini sökdürürük. Turizm şirkətlərindən bu məsələdə qətiyyətli və diqqətli olmağı tələb edirik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Agentlik   Fuad-Nağıyev  





Xəbər lenti