Vətəndaşların qanunvericilik təşəbbüsü - Yeni layihənin detalları

Vətəndaşların qanunvericilik təşəbbüsü -  Yeni layihənin detalları
  14 İyun 2019    Oxunub:1878
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihəsi 10 maddədən ibarətdir.

Layihədə qeyd olunub ki, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına mənsubdur.

Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan azı 300 nəfər Azərbaycan vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılır.

Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər.

Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.

Təşəbbüs qrupunun ilk iclasında onun yaradılması barədə qərar qəbul olunur, təşəbbüs qrupunun sədri və ən azı iki sədr müavini, həmçinin seçki dairələri üzrə koordinatorlar seçilir və təklif olunan layihənin mətni təsdiq olunur. Təşəbbüs qrupunun yaradılması, onun sədrinin və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorlarının seçilməsi barədə iclas protokolu iclasın sədri və katibi tərəfindən imlazanır və iclasda iştirak edən vətəndaşların siyahısı protokola əlavə olunur. Təşəbbüs qrupunun iclasında iştirak edən vərəndaşların siyahısında onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixiqeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir.

Təşəbbüs qrupu onun yaradıldığı gündən bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edir.

Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1. təşəbbüs qrupunun yaradılması, onun sədrinin və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorlarının seçilməsi və layihənin təsdiqi barədə iclas protokolu və həmin protokola əlavə edilən iclas iştirakçılarının siyahısı,

2. tərtib edilmiş layihə (kağız daşıyıcısında və eyni zamanda elektron daşıyıcıda),

3. layihənin qəbul edilməsi zərurətinin əsaslandırılması,

4. layihəyə dair ekspert rəyləri,

5. layihəni hazırlamış şəxslərin siyahısı,

6. layihəyə aid digər sənədlər (təşəbbüs qrupunun qərarına əsasən).


Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Parlament   Qanun   İclas  





Xəbər lenti