Təmayül siniflərini bitirənlər qəbulda yüksək nəticələr göstərir

Təmayül siniflərini bitirənlər qəbulda yüksək nəticələr göstərir
  14 İyun 2019    Oxunub:1824
2018-2019-cu tədris ili ümumi təhsildə 11 il bundan əvvəl başlanmış məzmun islahatlarının bir mərhələ kimi başa çatması və beynəlxalq təcrübəyə əsaslanan yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə yadda qalıb. Məktəbdaxili qiymətləndirmə sistemi əhəmiyyətli şəkildə təkmilləşdirilib, müəllimlərin və valideynlərin rəyi nəzərə alınaraq şagirdlərin tədris yükü optimallaşdırılıb.
Azvision.az xəbər verir ki, bunu "Azərbaycan" qəzetində dərc olunan məqaləsində Təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, ümumi təhsil müəssisələrinin IX siniflərində buraxılış imtahanları sahəsində başlanmış islahatlar XI siniflərdə davam etdirilib:

"Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olduğuna görə, onların buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə DİM tərəfindən yeni qaydalar tətbiq edilib, buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil edilib, ilk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılacaqdır. Əminik ki, yeni imtahan modeli təhsil alanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək, cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inam formalaşdıracaqdir".

C.Bayramov qeyd edib ki, ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilib, 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən 30 faizini təşkil edib:

"Təmayül siniflər üçün tədris planları, proqramları hazırlanıb və tətbiq edilib. İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirir və akademik nailiyyətləri ilə fərqlənirlər. Hər bir şagirdə təmayül istiqamətinə uyğun peşəkar bacarıqların aşılanması məqsədilə "Ümumi təhsil haqqında” Qanunda təmayül siniflərində şagird sayı əvvəlki 20 nəfərdən 15 nəfərə endirilib. Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin daha da genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanıb.

Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti