Polisə xəsarət yetirən şəxsə cinayət işi açıldı

Polisə xəsarət yetirən şəxsə cinayət işi açıldı
  07 Mart 2013    Oxunub:1439
Baş Prokurorluq Bakıda polisə xəsarət yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, martın 6-da saat 18:30 radələrində Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının yaxınlığındakı «Fatma» aptekinin qarşısında Fərid Səlimov sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozmaqla həmin ərazidə ictimai asayişin qorunması üzrə xidməti vəzifəsini yerinə yetirən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Arzu Kalbalıyevin qanuni tələblərinə tabe olmaqdan yayınıb.
Daha sonra o, öz qanunazidd hərəkətlərini davam etdirərək xidməti vəzifələrini yerinə yetirən A. Kalbalıyevə sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə xəsarət yetirib.

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.




Teqlər:





Xəbər lenti