Azərbaycanda İran casusları zərərsizləşdirildi

Azərbaycanda İran casusları zərərsizləşdirildi
  06 Mart 2013    Oxunub:1815
Azərbaycanda İranın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edənlər zərərsizləşdirilib.
Nazirlər kabinetinin 2012-ci il üzrə hesabatında bildirilir ki, Azərbaycanda ötən il Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində ictimai xadimin həyatına son qoymaq məqsədi ilə ona qarşı sui-qəsd törətməyə, yəni terror aktına hazırlıqda külli miqdarda qanunsuz odlu silah, döyüş sursatının əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən 5 nəfərdən ibarət qrup ifşa olunub.

İranın xüsusi xidmət orqanları ilə əlaqəli olduğu müəyyən edilən həmin qrupun 3 üzvü məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib, digər 2 üzvü barəsində, eləcə də İranın xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilən və müvafiq şəkildə təlimatlandırılaraq kəşfiyyat tapşırıqlarının icrasına yönəldilmiş daha 2 nəfər barəsində istintaq tədbirləri davam etdirilir.

Bundan başqa, Azərbaycanın suverenliyi və dövlət təhlükəsizliyinə qarşı casusluq etməklə dövlətə xəyanətdə, terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah əldə edilməsində və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən, İranın xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunan, əsasən azərbaycanlılardan ibarət 22 nəfərlik daha bir qrup keçirilmiş digər əks-kəşfiyyat əməliyyatları nəticəsində tutularaq müxtəlif müddətlərdə azadlıqdan məhrum edilib.

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 2 hərbi qulluqçu barəsində cinayət işi yekunlaşıb, onlar, eləcə də, törədilən digər hərbi cinayətlərə görə daha 3 hərbi qulluqçu məhkum olunub, 2 nəfər barəsində isə cinayət işinin istintaqı davam etdirilir.


Teqlər:





Xəbər lenti