Yol Polisindən sərxoşlara xəbərdarlıq

Yol Polisindən sərxoşlara xəbərdarlıq
  05 Mart 2013    Oxunub:1372
Zor tətbiq edən sürücülərə xəbərdarlıq edildi.
Bəzi vətəndaşlar, xüsusən də sürücülər tərəfindən yol polisinə qarşı təkcə müqavimət göstərilmir, hətta bəzən zor tətbiq edilir. Belə əməllər əksər hallarda sərxoş sürücülər tərəfindən törədilir.
Bu barədə Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev trend-ə bildirib.
"Bilirsiz ki, sərxoş insan daha aqressiv olur. Əlbəttə, avtomobilin idarəetmədən kənarlaşdırılması, əlindən alınması, mühafizə olunan duracağa qoyulması heç ayıq adamın xoşuna gəlmir ki, o ki qala orta və ya ağır dərəcədə sərxoş vəziyyətdə olan sürücülər olsun. Məhz sərxoşluqdan bu cür aqressiya və xuliqanlıq əməlləri daha çox yaranır", - deyə Əliyev əlavə edib.
Şöbə rəisi belə hallarda yol patrul xidməti əməkdaşlarının da təqsiri olduğunu istisna etmir. Lakin belə hallar baş verdikdə, mübahisə və ya münaqişənin yaranmasında təqsirkarın kimliyi araşdırma yolu ilə müəyyən olunur.
"Belə ki, artıq inspektor bilir ki, onun bütün hərəkətləri və sözləri yazılır, video görüntü şəklində qeydə alınır. Bunu bilə-bilə polis heç vaxt kobudluğa və qanunsuzluğa yol verməz.Amma bəzən elə sürücülər olur ki, xəbərdarlıq edilməsinə baxmayaraq, onlar bunu ya unudur, ya da inanmırlar ki, onların hərəkətləri qeydə alınır. Həmin vaxt sürücülər müəyyən şantaj və təhdidlər edir, hədə-qorxu gəlirlər. Lakin sonra vətəndaş şikayət edərkən faktın araşdırılması zamanı həmin materiallar ortaya qoyulanda şikayətçi vətəndaşlar araşdırmaya gəlmir və müraciətləri ilə bağlı sadəcə deyirlər ki, artıq şikayətim yoxdur. Çünki şikayətin məqsədi özlərini məsuliyyətdən yayındırmaq üçün kiməsə böhtan atmaq və ya şantaj etmək olur. Əgər vətəndaşın dedikləri o qeydlərdə təsdiqini tapırsa və orada hər hansı təhqiredici ifadələr olursa, polis vətəndaşları cəzadan kənarda qalmırlar. Buna görə artıq bir neçə əməkdaş ya intizam məsuliyyətinə cəlb olunub, ya tutduqları vəzifədən və ya ümumiyyətlə, daxili işlər orqanlarından azad ediliblər", - şöbə rəisi bildirib.
Qeyd edək ki, son zamanlar Azərbaycanda ayrı-ayrı hallarda bəzi vətəndaşlar tərəfindən polis əməkdaşlarına tabe olmamaq, xüsusən də polisə qarşı zor tətbiq etmək kimi faktlar qeydə alınır.



Teqlər:





Xəbər lenti