Qəzetlərdən ən maraqlı yazılar
Hüseyn Abdullayevin müraciəti hakimiyyəti qəzəbləndirib
Sabiq deputat, iş adamı Hüseyn Abdullayevin ölkə başçısı Ilham Əliyevə müraciəti hakimiyyətdə ciddi narazılıqla qarşılanıb. Hüseyn Abdullayev ölkə başçısına müraciəti zamanı Bakı şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni binasının tikintisi üçün alqı-satqı müqavilələri imzaladığını, lakin prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, administrasiya rəhbərinin müavini Əli Əsədovun buna icazə vermədiyini bildirib. Hüseyn Abdullayev müraciətində bu barədə yazıb: “Prezident Ilham Əliyev amerikalılarla müqavilə bağladığıma qəzəblənib deyib ki, Hüseyn Abdullayev hansı cəsarətlə mənim icazəm olmadan müqavilə bağlıyıb. Biz H.Əliyev mərkəzinin qarşısında ABŞ səfirliyinin binasının tikilməsi ilə razı deyilik. Orada park tikiləcək”. Məhz bu açıqlama yuxarı eşelonda sifarişli və ölkə başçısı Ilham Əliyevlə ABŞ-ın münasibətlərinə xələl gətirməyə hesablanmış bir açıqlama kimi dəyərləndirilib. Məhz bundan sonra Hüseyn Abdullayevin şirkətlərində yaxın zamanlar üçün planlaşdırılan yoxlamaların başlayacağı bildirilir.
Söyün Sadıqov çevriliş iddialarına cavab verdi
“Azerros”un sabiq prezidenti, Moskvadakı “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Gürcüstan prezidenti Mixail Saakaşvilnin onun Azərbaycanda dövlət çevrilişi hazırlaması barədə ittihamını sərt formada cavablandırıb.
Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində S.Sadıqov bəyan edib ki, heç vaxt regionda separatizmi dəstəkləməyib. “Təxribatlara uymayın. Saakaşvili hakimiyyəti itirməkdədir və bilmir ki, nüfuzunu necə saxlasın. Əgər onun beyni olsaydı, Rusiya ilə ümumi dil tapardı. Əgər Rusiya olmasaydı, Gürcüstan bir dövlət kimi olmayacaqdı. Bunu unutmaq lazım deyil. Gürcülər Rusiyada pul qazanır və pullarla gürcü iqtisadiyyatını qaldırırlar”-deyə Sadıqov vurğulayıb.
İcra başçısı və nazir qardaşı ilə bağlı şok video
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin əlində olan videolarla bağlı maraqlı məlumat alınıb. Məlumatda deyilir ki, sabiq rektorun videotekasında bir icra başçısı və nazirlərdən birinin qardaşının da görüntüsü var. Hər iki şəxsin Elşad Abdullayevlə söhbətinin mövzusu bəlli deyil.
Əliyev Ərdoğana niyə qəzəblənib?
Türk Hava Yollarına məxsus təyyarələrdə ermənilərin “Aqos” qəzetinin yayımlanması kompaniyaya qarşı növbəti “səlib” yürüşünə fürsət vermiş oldu. “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, “Azərbaycan hakimiyyəti bəzən xarici əlaqələrdə emosiyalarla hərəkət edir. Xocalı hava limanı açıla bilər, bölgədə vəziyyət gərginləşə bilər, belə bir məqamda bizim türkiyə kimi güclü müttəfiqə ehtiyacımız var. Faktiki olaraq biz Rusiya-Ermənistan hərbi ittifaqına qarşı dayanmışıq. Təsadüfi deyil ki, müdafiə nazirimiz Türkiyəyə səfər edərək əlaqələri gücləndirməyə çalışır. Amma hakimiyyətdəki müəyyən qruplar milli maraqlara qarşı çıxış etmiş olurlar. Ərdoğan Heydər Əliyev Mərkəzi ilə bağlı öz fikirlərini söyləyib. Mən anlayıram, Heydər Əliyev Mərkəzi hakimiyyət üçün müqəddəs yer sayılır. Amma belə məsələlərdə emosiyalara qapılmaq olmaz. Mən inanmıram ki, Ərdoğan Heydər Əliyev Mərkəzi haqqında fikrini hər hansı siyasi məqsədlərlə söyləyib”.
Rusiya Qarabağla bağlı xüsusi briqada hazırlayır?
Rusiyanın tanınmış nəşri olan “Nezavisimaya qazeta” məlumat yayıb ki, Rusiya Dağlıq Qarabağ üçün xüsusi briqada hazırlayır. Briqadanın nümayəndəsi Vasili Lebedev deyib ki, martın sonuna kimi Samara yaxınlığında yerləşən 15-ci sülh briqadası tamamilə peşəkar olmalıdır. Ekspertlər isə briqadanın peşəkar olmasına olan ehtiyacı 2013-cü ildə postsovet məkanındakı mümkün hərbi münaqişələrlə izah edirlər. Hərbi ekspert, polkovnik Vladimir Popov bildirib ki, Dağlıq Qarabağda yaxın gələcəkdə hərbi əməliyyatların başlama ehtimalı var.
Gündəm xəbər
Bəxtiyar Sadıqov Elşad Abdullayevin video arxivində
Fəaliyyəti qadağan olunan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev ayrı-ayrı məmurları ifşa etməkdə davam edir. Sabiq rektor mətbuata açıqlamalarında onda ifşaedici videoların çox olduğunu da deyib. Moderator.az-a daxil olan məlumatda qeyd olunur ki, Elşad Abdullayevdə “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun da videosu var. Həmin videoda deputatla Elşad Abdullayev arasında təxminən 40 dəqiqəlik söhbət əks olunub. Söhbət 2005-ci il parlament seçkilərinə təsadüf edir. Danışıqlar zamanı Bəxtiyar Sadıqov bəzi məmurların da adını çəkir. Moderator.az-a açıqlamasında isə Bəxtiyar Sadıqov Elşad Abdullayevlə görüşməsi barədə suala birmənalı cavab verməyib: “Mən nə deyim indi? Elşad Abdullayevlə nə barədə danışmışam? Mən bu barədə hər hansı bir suala cavab vermək istəmirəm. Qoy çəkiliş varsa, onu yaysınlar. Sonra danışmağa hazıram. Həmin çəkilişdəki fikirlərə aid suallarınıza cavab verməyə hazıram”.
Qarabağda “tufanqabağı” sakitlik?
“Qafqazdakı münaqişə ocaqlarında hökm sürən sükunət risklidir”. Bunu Vaşinqtonda mənzillənən John Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz institutunun mütəxəssisi Svante Cornell deyir.
Xüsusilə Azərbaycanla Ermənistan arasında xeyli yol qət etmiş sülh prosesi bu yaxınlarda Bakıda Ramil Səfərovun azad edilməsi və Xankəndidə hava limanı açmaq təşəbbüslərilə “az qala tufanqabağı sükuta” qərq olub. Cənab Cornellə görə, indiki yalda, erməni-türk yaxınlaşması Qafqaza “sülh əvəzinə risk gətirərdi”. “Məncə hazırkı məqamda Azərbaycan, eləcə də Türkiyə sərhədlərin açılmasının Qarabağ münaqişəsi çözülmədən mümkünsüzlüyünə dair qənaətlərini möhkəmlətməlidirlər”, deyə o vurğulayıb.
Yeni Müsavat
“Səyyarə Heydərova Gülər Əhmədovadan atasının heyfini çıxır”
Son günlərdə Elşad Abdulleyvin məsələsində adı hallanan Ramin Nağıyev qeyd edir ki, bütün səslənənlər yalnız müəlliflərin boş sözləri idi. Mənə facebookda müxtəlif profillərdən yazırdılar və mən sonradan öyrənə bildim ki, bunlar lap başdan birgə fəaliyyət göstərən Səyyarə Heydərova və Nailə Hümbətovadır. Heç kimin ağlına gəlməmişdi ki, guya Gülər Əhmədovanın oğluna saxta ekspertiza sənədləri almaq işində yardım edən Səyyarə Heydərovanın özü Nailə Hümbətovanın vasitəsilə bu materialları ötürüb ki, mən onları Azərbaycan mediasına təqdim edim. Bütün bunlar Gülər Əhmədovanın vəziyyətini daha da qəlizləşdirdi və nəticədə o, həbs olundu. Bütün bunların səbəbi isə Səyyarə Heydərovanın şəkidə atasına məxsus evinin öz adına sənədləşdirə bilməməsindən irəli gəlir. Səyyarə Heydərova onun nikahdankənar doğulan qızıdır və buna görə də sənəd olmadığndan ev başqasının adına daha dəqiq Gülər Əhmədova və ya onun yaxınlarının birinin adına rəsmiləşdirilib. Səyyarə Heydərova isə məhz buna görə Gülər Əhmədovanın həbs edilməsi üçün onun saxta ekspertiza keçirməsi məsələsini ictimailəşdirməyə çalışıb. Bu yolla da Gülər Əhmədovadan atasının evinin heyfini çıxıb.
Elşad Abdullayev son videonun şifrini açdı
Elşad Abdullayev itkin düşmüş qardaşı Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin işinə uğurlar arzulayıb və yayılan son video material haqqında açıqlamalar verib. Açıqlamada Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək rütbəli əməkdaşlarının qanunsuz əməllərindən danışıb, yayımlanmamış videolarda görüntüləri olan bir neçə məmurun adını çəkib. E. Abdullayevin videoları ilə bağlı keçmiş Binəqədi və Ağdaşın prokuroru olmuş Mirələkbər Seyidov Baş Prokurorluğa çağrılaraq dindirilib. Onun sabiq rektordan külli miqdarda rüşvət aldığı haqqında məlumatlar yayılıb. Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın vəkili isə onun səhhətinin gündən-günə daha da pisləşdiyini bildirir.
Teqlər: