"Azərbaycanda ərəb dilinə böyük maraq var" - Əhməd Sami Elaydi (VİDEO)
- Məlumdur ki, Misir Azərbaycanın müstəqiliyini tanıyan ilk ölkələrdən biridir. Misir və Azərbaycan arasında dostluq münasibətləri həmişə yüksək səviyyədə olub. Əməkdaşlığın daha da möhkəmlənməsi, xalqlarımızın bir-birini daha yaxından tanıması, mədəni əlaqələrin genişlənməsi məqsədi ilə 19 il əvvəl Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi yaradılıb. Gələn il 20 illiyini qeyd edəcək Mərkəz Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.
- Mərkəzin hədəf və məqsədi nədir?
- Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Misir və Azərbaycan arasındakı əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Mərkəz təkcə mədəniyyət üzrə deyil, həm də təhsil sahəsi üzrə fəaliyyət göstərir. Fəaliyyət istiqamətlərimizə uyğun olaraq müxtəlif konfranslarda, sərgilərdə iştirak edir, müştərək tədbirlər keçiririk.
O cümlədən, Misirlə Azərbaycan arasında bağlanmış icra əməkdaşlıq müqaviləsinə əsasən Misirdən Azərbaycana təhsil almaq üçün gələn tələbələrin həm təhsil almaq, həm də burada yerləşdirilməsi işinə köməklik məhz Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən həyata keçirilir. Qeyd etdiyim kimi, müxtəlif təhsil müəssisələri ilə sıx əlaqələrimiz var.
- Bir xalqı yaxından tanımaq üçün onun dilini bilmək vacibdir. Son zamanlar ərəb dilini öyrənmək istəyənlər sizin mərkəzə böyük maraq göstərirlər. Bunun üçün nə kimi imkanlarınız var?
-Bəli, Azərbaycanda ərəb dilinin örənilməsinə maraq böyükdür. Bunu nəzərə alaraq biz Mərkəzdə ödənişsiz ərəb dili kursları təşkil edirik. Dərslər Misirdən dəvət olunan müəllim tərəfindən keçirilir. Kurslarımızda təhsil alan tələbələr ərəb dili sahəsi üzrə işlərə cəlb olunurlar ki, bu da gənclərin işlə təmin olunmasına kömək edir.
-Ötən illərlə müqayisədə bu il Azərbaycana gələn ərəb turistlərinin sayı artıb. Bu sizin işinizə təsir edibmi?
- Ölkələrarası əlaqələr getdikcə genişlənir. O cümlədən turizm sahəsində turistlərin axını başlayıb. Bu, müsbət haldır. Bu istiqamətdə Mərkəz tərəfindən Azərbaycan Turizm və Menecment Univesitetindən olan əməkdaşları bələdçilər üçün kurs təşkil edib. Həmin kursda bələdçilərə ödənişsiz dərs keçirik. Onlar ölkə haqqında düzgün məlumatları ərəb dilində turistlərə çatdırırlar.
Mərkəzimiz Azərbaycan tələbələrinə Misirdə təhsil üçün 1 illlik ödənişsiz proqram da təşkil edib. Proqrama əsasən tələbələrə təxminən 5 yer verilir. Azərbaycan Təhsil Nazirliyinə məlumat göndərilərək elan verilir. Bu il isə 5 yox, 7 tələbə Misirdə 1 illik ödənişsiz təhsil alır. Onlar Misir Ali Təhsil Nazirliyinin nəznində Qeyri-ərəblər üçün ərəb dili mərkəzində təhsil alırlar. Tələbələr həmin mərkəzdə təhsil almaqla yanaşı, Misir universitetlərində dərslərdə dinləyici kimi iştirak da edə bilirlər.
Bildiyimiz kimi dil ölkələrarası münasibətləri yaxınlaşdırılması üçün olduqca vacib amil olmaqla yanaşı, insanlar arasında olan səddi, maneələri aradan götürən vasitədir.
Hal-hazırda ölkədə təkcə turistlər deyil, ərəb dilli beynəlxalq təşkilatlar, səfirliklər fəaliyyət göstərir . Əvvəllər Azərbaycan haqqında məlumat əldə etmək üçün ya digər dillərdən, və ya əldə olunan məlumatları başa düşmək üçün tərcümə proqramlarından istifadə edirdilər. Lakin indi məlumatı daha düzgün və ətraflı almaq üçün saytınızda ərəb bölməsinin yaradılmasınə yüksək qiymətləndirirəm və bu işdə uğurlar sizə arzu edirəm.
Rəna Tağıyeva
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
AzVision.az