Tramp-Putin görüşü başa çatdı - Yenilənib

Tramp-Putin görüşü başa çatdı -  Yenilənib
  08 İyul 2017    Oxunub:4060
Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Almaniyanın Hamburq şəhərində keçirilən görüş başa çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, G-20 sammiti çərçivəsində baş tutan görüş 2 saat 15 dəqiqə davam edib.

Prezidentlərin ilk rəsmi görüşü mətbuata qapalı keçirilib. Görüşün detalları hələlik açıqlanmayıb.

Görüşdə yalnız iki ölkənin XİN rəhbərləri iştirak ediblər.

***
(19:36)

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin onların Hamburqda G20 sammiti çərçivəsində keçirilən ikitərəfli danışıqları ətrafında yaranan güclü ajiotaja baxmayaraq, görüş zamanı jurnalistlərin suallarını cavablandırmamağı üstün tutublar.

"RİA Novosti"nin yaydığı məlumata görə, dövlət başçıları danışıqlar üçün ayrılan otağa keçdikdən sonra jurnalistlər ora dəvət olunub. Bu zaman liderlər artıq kreslolarda öz yerlərini tutmuşdular və xarici siyasət idarələrinin rəhbərləri də onların yanında əyləşmişdilər.

Otuzdan çox jurnalist bir andaca otağı doldurub. Əvvəlcə Tramp, sonra isə Putin bir neçə kəlmə söyləyərək, bu cür birbaşa dialoqun vacibliyini bildiriblər. Qısa bəyanatlar verən liderlər bununla da görüşün mətbuat üçün açıq hissəsinin başa çatdığına işarə ediblər.

Jurnalistlər isə bir-birilərinə macal vermədən öz suallarını səsləndirməyə başlayıblar. Tramp və Putin suallara məhəl qoymadan, öz aralarında astaca danışmaqda davam ediblər. Prezidentlər yenidən əl sıxmaq xahişinə də reaksiya verməyiblər.

KİV nümayəndələrinin bu vurnuxması həm prezidentlərdə, həm də nazirlərdə təbəssüm doğurub. Bundan sonra jurnalistlər otaqdan çıxıb və görüş qapalı şəraitdə davam edib.

***
(18:41)

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, söhbətin əvvəlində Putin və Tramp bir-biri ilə tanış olduqlarına və görüşdüklərinə görə şad olduqlarını bildiriblər.

Rusiya prezidenti bildirib ki, görüş zamanı beynəlxalq siyasət və ikitərəfli münasibətləri müzakirə etmək istəyir. O, həmçinin görüşün səmərəli olacağından əmin olduğunu ifadə edib.

Görüşdə ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edir.

AzVision.az


Teqlər: Rusiya   ABŞ   Tramp   Putin   G-20   Hamburq  





Xəbər lenti