Suriya böhranı: Müharibə təhlükəsi artır

Suriya böhranı: Müharibə təhlükəsi artır
  29 Avqust 2013    Oxunub:1202
Rəsmi Vaşinqton Suriyada kimyəvi silahların Əsəd ordusu tərəfindən istifadəsinə əmindir.
Belə bir bəyanatla çıxış edən vitse-prezident Co Bayden ölkə başçısı Barak Obamanın yekun qərar vermək üçün təhlükəsizlik şurası və müttəfiq ölkələrlə müntəzəm əlaqə yaratdığını bildirib: "Hamı bilir ki, kimyəvi silahdan istifadə olunub. Ölənlərin dinc insanlar-qadınlar, uşaqlar olduğuna heç kəs şübhə etmir. Bu silahların kimlər tərəfindən atıldığı da məlum məsələdir: Suriya rejimi! Prezident Obama da, mən də inanıram ki, müdafiəsiz insanlara, qadınlara, uşaqlara qarşı kimyəvi silahdan istifadə edənlər cəzalandırılacaq və cəzalandırılmalıdır". Bununla belə Ağ Ev məsələyə münasibətində məqsədlərinin heç də Suriyada çevriliş etmək olmadığını vurğulayıb:

"Bizim məqsədimiz, beynəlxalq qanunların kobud şəkildə pozulmasına cavab verməkdir. Biz bugün kimyəvi silahın dinc insanlara qarşı istifadəsinə cavab verməsək, sabah bu cür qətliamlar yenidən baş verə bilər". Suriyaya müdaxilə ilə bağlı hər hansı bir qərar qəbul etmədiklərinə diqqət çəkən Böyük Britaniyanın baş naziri Devid Kemeron isə deyir ki, potensial müdaxilə məhdudlaşdırılmış olmalıdır: "Bu o demək deyil ki, Britaniya Yaxın Şərqdəki müharibəyə qoşulacaq və ya Suriya böhranı ilə bağlı mövqeyini dəyişəcək. Söhbət kimyəvi silahdan gedir. Bu silahların istifadəsi qanunsuzdur və ictimaiyyət buna göz yummamalıdır".

İranın xarici işlər naziri Cavad Zərif isə Almaniyalı həmkarı Gido Vestervelle ilə telefonla danışaraq, ona potensial müdaxilənin qərb ittifaqı üçün ağır nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edib. Suriyada regional müharibə təhlükəsinin artdığını görən Rusiya hökuməti isə ölkə vətəndaşlarını Suriyadan çıxarmağa başlayıb. Moskva böhrandan əziyyət çəkənlərə humanitar yardım da göndərib. Onu da qeyd edək ki, müharibə təhlükəsi Rusiya birjasına zəlzələ effekti yaradıb. Səhmlərin dəyərdən düşdüyü birjalarda rublun məzənnəsi də geriləyib. Bunun əksinə olaraq, dünya miqyasında dolların dəyər qazanması diqqət çəkir.


Teqlər:  





Xəbər lenti