İslam dünyası niyə geridədir? – I yazı: Tarixi dəyişən mıx

İslam dünyası niyə geridədir? – I yazı: Tarixi dəyişən mıx
  16 Fevral 2017    Oxunub:45739
İslam coğrafiyası 8-15-ci əsrlərdə dünya sivilizasiyasının mərkəzi idi. Təkcə Bağdad kitabxanasında bütün Avropada olduğundan daha artıq kitab vardı. Bu gün isə yalnız İsraildə il ərzində İslam dünyasından 10 dəfə çox kitab çap edilir. Dünya mədəniyyətində, elmində, texnoloji inkişaf yarışında müsəlmanlar açıq autsayderdirlər. Nə oldu İslam dünyasına?

Olan bu idi ki, 1517-ci ildə Martin Lüter isimli bir əhlil-kitab vəl-ümmətul-Məsih özünün “95 tezis” adlı təkliflər paketini Vittenberq kilsəsinin qapısına mıxladı. Bu, dünya tarixində çevriliş yaradan nadir mıxlardan biri idi. Həmin mıx qarşıdakı əsrlərdə xristian dünyasının böyük sıçrayışla İslam aləmindən irəli keçməsinə təkan verdi. Çünki məhz o mıxın qapıya pərçimlədiyi sənəd xristianlıqda yeni məzhəbin – Protestantlığın əsasını qoydu.

Katolik və poravoslavlığa alternativ olan “üçüncü yol”un – Protestantlığın və reformasiya hərəkatının yaranması ilə Avropada intibah dövrünün - renessansın başlanmasının üst-üstə düşməsi əsla təsadüfi deyil. 16-cı əsr qapıdan girmişdi, artıq feodalizm bir iqtisadi formasiya kimi tükənirdi, kim kapitalizmə daha tez adlasa, xalqların yarışında böyük hesabla qabağa çıxacaqdı. Protestantlıq kilsənin həyatın bütün sahələrindəki total diktatına son qoyaraq, tədricən kapitalizmin yaranması üçün ideoloji mühit hazırladı. Yəni protestantlıq – bir növ kapitalizmin dini idi.

Səhv başa düşməyin: protestantlıq kapitalizmi yaratmadı. Cəmiyyətin (və Marksın termini ilə desək, məhsuldar qüvvələrin) inkişafı kapitalizmin yaranmasını labüdləşdirmişdi. Kim yeni formasiyaya tez uyğunlaşsa, o da udacaqdı. Kapitalizmə keçmək üçün isə iki şey lazım idi: kapital və azad insan. Çünki qul və ya təhkimli kəndli heç nə yarada bilməz. Kapitalizmdə dünyanın o vaxta qədər tanımadığı yeni insan növü – SAHİBKAR ön plana çıxır. Martin Lüterin kilsə qapısına mıxladığı “95 tezis” həm də insan hüquqlarının ilk rüşeymi idi; deyə bilərik ki, sonradan dünyanı başına götürən müasir demokratiya anlayışı məhz Protestantlığın əsasını qoyan o sənəddən başlayır.



(Burada kiçik bir haşiyə çıxmasam, olmaz. Seçki demokratiyasının kökü Qədim Yunan sivilizasiyana qədər uzanır. Amma həmin quldar cəmiyyətlərində insan hüquqlarından söhbət də gedə bilməzdi. İnsan hüquq və azadlıqlarına dayanan müasir demokratiyanın başlanğıcını məhz Vittenberq kilsəsinin qapısına mıxlanan sənəddə axtarmaq lazımdır).

İslam dini quldarlıq və feodalizmin kəsişməsində yerləşən cəmiyyəti idarə etmək üçün ideal siyasi-ictimai sistemdir. Buna görə də, orta əsrlərdə quldarlıq elementlərinə malik feodal müsəlman ölkələri inkişafın zirvəsinə çatmışdılar. Əgər dünya elə o formasiyada qalsaydı, kapitalizmə keçməsəydi, İslam yenə də planetdəki ən güclü sivilizasiya olacaqdı. Amma kapitalizmə keçid mərhələsi başlayan kimi, İslam aləmi bütün mövqelərini sürətlə itirdi. Çünki bu dinin ideologiyası əsasında qurulan siyasi-iqtisadi sistem yeni dünya - kapitalizm dünyası üçün qətiyyən yaramırdı.

Kapitalizmə keçid üçün azad insanlardan – Sahibkardan və onun işçilərindən əlavə, bir də KAPİTAL lazımdır. Quranda faizlə pul verməyi qadağan edən 6 ayə var, buna görə də islam ölkələrində kredit münasibətləri və təbii ki, banklar formalaşa bilməzdi. Banklarsız isə kapital və kapitalizm olmur. Bu qadağa İslamın yeni yarandığı dövrdə sələmçiliklə varlanan Məkkə elitasını zəiflətmək üçün yaxşı vasitə idi, amma sonrakı əsrlərdə İslam dünyasında iqtisadi inkişafı tormozladı. Bu gün istənilən müsəlman ölkəsində əhalinin böyük qisminin kredit borcu olduğunu nəzərə alsaq, həmin qadağa insanlara gündəlik həyatda heç bir praktik fayda gətirmədi, amma yeni tarixin başlanğıcında müsəlman cəmiyyətlərinin kapitalizmə keçidinin qarşısını alan buxovlardan birinə çevrildi.

Avropada isə sələmçilər öz böyük tarixi rollarını oynamaqda idilər. 1450-ci ildə Maynts şəhərində İohann Fust adlı sələmçi bir sahibkara illik 6 faiz ilə 800 qulden pul verir. Bu, dünya tarixini kökündən dəyişən kredit idi. Çünki həmin pulu alan şəxs – İohann Quttenberq mətbəə qurur və Avropanın taixində yeni eranın – informasiya dövrünün əsası qoyulur. Xristianlıqda reformasiya hərəkatı başlayanda artıq Avropada ilk kitablar yayılmışdılar. İndi informasiyanı əvvəlki ilə müqayisə edilməyəcək dərəcədə sürətlə çoxaltmaq və yaymaq mümkün olacaq, bu isə cəmiyyətlərin idarəçilik mexanizminin dəyişdirilməsi ehtiyacını ortaya çıxaracaqdı.

Müsəlman dünyasında isə bu “şeytan əməli”nə 273 il – üç əsr!- sonra icazə verildi. Bundan sonra 100 il ərzində Osmanlı İmperiyasında cəmi 180 kitab çap olundu, halbuki, 1454-cü ildən 1500-cü ilə qədər Avropada 40 min kitab çap edilmişdi. Həmin kitablardan biri – Marko Polunun “Səyahət”i Genuyada Xristofor Kolumb adlı gəncin əlinə düşür və o, məhz kitabın sayəsində anlayır ki, Qərbə doğru üzməklə Hindistana çatmaq olar. Bu, Xristian-Qərb sivilizasiyasının dünyanı fəth etmək yürüşünün başlanğıcı idi.



Göründüyü kimi, Xristian dünyasının sürətli yüksəlişinin səbəbi 15-16-cı əsrlərdə dinin daxilində meydana çıxan reformasiya hərəkatı və onun yetişdirdiyi intibah idi. Bu iki fenomen Qərbi yeni formasiyaya – kapitalizmə keçirəndə İslam aləmində quldarlıq elementli feodal münasibətlər möhkəmlənməkdə idi. Xristian-Qərb sivilizasiya bu gün də məhz həmin təkanın verdiyi inersiya ilə qabağa getməkdədir.

Sual yaranır: Niyə İslam dünyasında da vaxtında Protestantlığa bənzər “üçüncü yol” yaranmadı? Niyə müsəlman aləmi ancaq iki məzhəbin – sünniliklə şiəliyin arasında qaldı, onların didişmələri nəticəsində getdikcə daha çox parçalandı, zəiflədi, feodalizm qaranlığına gömüldü?

Hər şeydən əvvəl ona görə ki, reformasiya hərəkatı yaranan dövrdə artıq xristianlıq qocalmağa başlayırdı. Martin Lüter “95 tezis”i pərçimləmək üçün mıxını kilsə qapısına dirəyəndə artıq xristianlığın 15 əsr yaşı var idi. Amma İslamın yaşı hələ indi-indi 14 əsrə çatıb. Din nə qədər cavandırsa, o qədər də passionardır, onu islah etmək, dəyişmək bir o qədər çətin olur. Canlı orqanizmlər kimi, dinlər də qocaldıqca zəifləyir, özünümüdafiə qabiliyyətini itirirlər. Məsələn, ilahiyyatçı Elşad Miri 200 il əvvəl “İslamda Merac yoxdur” desəydi, müsəlmanlar onu atın quyruğununa bağlayıb, buradan Qüdsə qədər sürüyər, orada elə Merac Məscidinin - Əqsanın həyətindəcə kamali-ədəblə yeddi yerə şaqqalayıb, hər hissəsini bir darvazadan asardılar ki, görənlərə ibrət olsun və bir də heç kim peyğəmbərlə bağlı ağzını yaymasın. Amma bu gün Elşad da, onun keçmiş mürşidi Harun Yahya da, başqa ilahiyyatçılar da dini istədikləri kimi yozub-fırladır, heç bir təpki ilə də üzləşmirlər. Niyə? Çünki, İslam qocalıb, özünümüdafiə instinkti zəifləyib. Şir qocalanda isə quyruğuna kəpənək qonar...

İslamda “üçüncü yol”un niyə yaranmamasının başqa səbəbi də var. Avropada reformasiyanın siyasi mahiyyəti o idi ki, digər xalqlar Vatikan tərəfindən yönəldilmək istəmirdilər, hər dövlət özünün müstəqil kilsəsinin formalaşmasına çalışırdı. Bizdə isə bugünün özündə belə, həmin proses getmir – məsələn, şiələr Qum şəhərini dini mərkəz sayır, orada yetişən ayətullahların fətvaları ilə yaşayırlar. Yəni xristianlığın 15-16-cı əsrlərdə yaşadığı mərkəzdənqaçma və vahid dinin milli versiyalarının yaranması prosesi İslamda hələ də tam yetişməyib. Səbəb budur ki, “millət” anlayışını ləğv edib, “ümmət” ilə əvəzləyən İslam kütlə şüurunda “mənim milli İslamım olmalıdır” fikrinin yaranmasını bloklayırdı.



...Martin Lüter öz mıxını kilsə qapısına çalanda xristianlıq islamın indi olduğundan daha qoca idi. Yəqin ki, uzağı bir əsr sonra islamın da immuniteti tamamilə zəifləyəcək, heç nəyə müqavimət göstərə bilməyəcək, müxtəlif reformasiya cəhdlərinin nəticəsində xeyli təhrif olunacaq; ola bilər ki, İslamda da Protestantlıq ruhunda bir cərəyan yaransın və müsəlman intibahına təkan versin. Nə qədər ki, xristianlıqda reformasiya və intibah başlamamışdı, Avropa zəngin müsəlman sivilizasiyasına qarşı tamamilə biganə idi, sanki onu ümumiyyətlə, görmürdü. İntibahdan sonra isə müsəlman elmindən və mədəniyyətindən götürülə biləcək nə vardısa, hamısından faydalandı. İndi müsəlman dünyası da sanki intibahaqədərki Avropanın vəziyyətindədir: çiçəklənən xristian sivilizasiyasını görə, anlaya, nəsə götürə bilmir. Əgər tarixi anologiya metodu ilə yanaşsaq, gözləmək olar ki, müsəlman renessansı başlayandan sonra (təbii, əgər başlayacaqsa) vəziyyət dəyişəcək və İslam dünyası rəqib sivilizasiyanın uğurlarından bəhrələnəcək. Başqa sözlə, 21-22-ci əsrlərdə İslam dünyası Xristianlığın 16-cı əsrdə qədəm qoyduğu mərhələyə - reformasiya və intibaha daxil ola bilər.

Amma bu zaman xristian dünyasının özü hansı mərhələyə adlamış olacaq? Müsəlman renessansı əgər baş verərsə, iki sivilizasiya arasındakı fərqi aradan qaldıra biləcəkmi? İslam renessansının baş tutması üçün hansı şərtlər lazımdır? Bu suallara növbəti yazıda aydınlıq gətirəcəyik.

Vüsal Məmmədov
AzVision.az




Teqlər: #İslam   #Din   #Təhlil   #Tarix  





Xəbər lenti