Təbiətin 10 faizi məhv edilib

Təbiətin 10 faizi məhv edilib
  09 Sentyabr 2016    Oxunub:2215
Son 25 ildə vəhşi təbiət guşələrinin təxminən 10 faizi insanlar bəşəriyyət tərəfindən məhv edilib və ərazinin cəmi 23 faizinə insan əli toxunmayıb.
Bu barədə məlumat ekoloqların “Current Biology” jurnalında dərc edilmiş məqaləsində yer alıb. Kvinslend Universitetindən (Avstraliya) Ceyms Uotson yazıb: “Əgər biz yaxın vaxtlarda bir iş görməsək, vəhşi təbiət tamamilə yoxa çıxacaq. Biz indi tədbir görməliyik. Məqsəd təbiəti gələcək nəsillər üçün yaşatmaqdır”. C.Uotson və onun həmkarları ötən əsrin 90-cı illərindən bəri vəhşi təbiətdə insan əlinin toxunmadığı yerlərin xəritəsini hazırlamağı qərara alıblar.

Qrupun nəzərində “vəhşi təbiət zonalarına” bioloji və ekoloji müxtəlifliyini qoruyub saxlayan təbii landşaft və ekosistemlərin olduğu böyük ərazilər daxildir. Bu yerlərdə insanların olmaması vacib deyil, əsas məsələ təbiətə müdaxilə hallarının minimum səviyyədə olmasıdır. Vəhşi Heyvanları Mühafizə Cəmiyyətinin (WCS) hesablamasına görə, 1990-cı illərin əvvəlində Yerin quru səthinin 33 faizi “vəhşi təbiət zonalarına” aid edilib.

C.Uotson və onun həmkarlarının yeni məlumatı göstərir ki, son 20-25 ildə bu ərazi təxminən 9,6 faiz azalıb. Bu itkilər iki qitədə - Cənubi Amerika və Afrikada meşələrin qırılması, kənd təsərrüfatı ərazilərinin genişləndirilməsi və əhalinin sayının sürətlə artması nəticəsində baş verib. Şimali Asiya, Şimali Amerika və Avstraliya ərazisində vəhşi təbiət ərazilərinə daha az toxunulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti