Vərəmə yoluxanların sayı azalıb

Vərəmə yoluxanların sayı azalıb
  02 Noyabr 2015    Oxunub:2581
Son illərdə ölkədə vərəmlə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar. Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur.

Respublikamızda vərəm əleyhinə xidmət paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir. Hal- hazırda 1 İnstitut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir.

Hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan geniş vərəm əleyhinə tibb müəssisələri şəbəkəsi mövcuddur. Son illər ərzində bu müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Milli İstinad Laboratoriyası tikilərək istifadəyə verilmişdir. Bütün respublika ərazisində ÜST-ün strategiyasına uyğun olaraq DOTS (birbaşa nəzarət altında müalicə) proqramı tətbiq edilir. Xəstələrin ambulator müalicəsini təmin etmək məqsədilə DOT kabinetlərinin şəbəkəsi yaradılmışdır. Son 7 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılmışdır.

Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən dünyada il ərzində 9.000.000-dan artıq insan bu xəstəliklə xəstələnir və 1.800.000 insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.

AzVision.az


Teqlər:  





Xəbər lenti