Buraxılış imtahanlarının vaxtı açıqlandı

Buraxılış imtahanlarının vaxtı açıqlandı
  21 May 2013    Oxunub:2110
İyunun 2-də keçiriləcək buraxılış imtahanında IX sinif üzrə 41 498 nəfər, XI sinif üzrə isə 29 609 nəfər şagird iştirak edəcək.
İyunun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək. AzVision.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. M.Abbaszadə qeyd edib ki, iyun 2-də keçiriləcək buraxılış imtahanı Bakı şəhərində, Rus bölməsi üzrə isə Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən şəhərlərində keçiriləcək.

“Bu gündən şagirdlərə İmtahana buraxılış vərəqəsinin verilməsinə başlanır. Hər bir şəxsin özü və təhsil aldığı məktəbin direktoru tərəfindən bu buraxılış vərəqəsini əldə edilə bilər. Buraxılış vərəqəsinin verilməsi tamamilə pulsuzdur və buna görə heç bir şagirddən əlavə pul tələb oluna bilməz. İyunun 2-də keçiriləcək buraxılış imtahanında IX sinif üzrə 41 498 nəfər, XI sinif üzrə isə 29 609 nəfər şagird iştirak edəcək. İmtahan binalarının yerləşdiyi ünvanlar imtahan bir neçə gün qalmış TQDK-nın saytında yerləşdiriləcək. Mən imtahanda iştirak edəcək şagirdlər və onların valideynlərinə müraciət edirəm ki, imtahanla bağlı suallarını komissiyanın poçt ünvanına göndərərək vaxtında cavab ala bilərlər”.

TQDK sədrinin sözlərinə görə, Şagird-Məzun bazasına bütün məlumatlar daxil olduqdan sonra məlum olub ki, respublika üzrə keçiriləcək buraxılış imtahanlarında 65 455 nəfər oğlan, 56 374 nəfər qız (IX sinif üzrə) imtahan verəcək. Respublika üzrə 50 052 nəfər oğlan, 39 122 nəfər qız isə XI siniflərin buraxılış imtahanlarında iştirak edəcək. Hər iki sinif üzrə göstəriciyə nəzər saldıqda məlum olur ki, imtahanlarda iştirak edəcək oğlanların sayı qızlarla nisbətdə çoxdur.

Anar


Teqlər:  





Xəbər lenti