Kəndlilər odun, odun da ev yandırır... - Fotolar

Kəndlilər odun, odun da ev yandırır... - Fotolar
  15 Noyabr 2014    Oxunub:1708
Qubanın Amsarqışlaq kəndində qışqabağı 75 yaşlı Lütfiyyə Fərhadovanın başına iş gəlib.
AzVision.az AzadlıqRadiosuna istinadən məlumat verir ki, alışdırdığı sobanın alovu 10-15 dəqiqə içərisində ətrafındakı əşyalara keçib və yanğına səbəb olub. Yorğan-döşək, televizor, divan, xalça, pal-paltar... Bir sözlə, evdə salamat heç nə qalmayıb.

Kənddə qaz xətti olsa da qaz verilişi tez-tez dayandırılır. Kəndlilər odun yandırmağa məcbur qalırlar. Bir də görürsən ki, odun da evi alışdırdı.

Fövqəladə Hallar Nazirliyinin saytında Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınının yanğının böyüməsinə imkan verməməsi barədə məlumat qeyd olunub.

Sakinlərsə deyir ki, kənddə tez-tez odun sobasından yanğınlar baş verir. İş orasındadır ki, rayon mərkəzindən yanğınsöndürənlər də vaxtında dada yetişmir. Adamlar özləri qollarını çırmalayıb alovla “döyüşməli” olurlar.

İskəndər Mahmudov Lütfiyyə nənənin qonşusudur. Yanğının söndürülməsində onun da əməyi keçib:

“Evdə heç kəs yox idi, ev odun sobasından alışmışdı. Vedrələrlə su töküb söndürdük”.

Yanğınsöndürənlər yetişincə

Başqa qonşu:

“Gördük ev yanır, gəldik, su daşıdıq, səpdik, söndürdük. Birinci mən xəbər tutdum, qapıları da mən açdım”.

Lütfiyyə nənə deyir ki, həqiqətən də yanğınsöndürənlər gəlib, ancaq alovun qarşısı alınandan sonra... Gəlib hadisəni qeydə alıb, aktlaşdırıb, imza atdırıb gediblər:

“Nə vardısa, yandı külə döndü. Təqaüdlə dolanıram, gözlərimi də bu yaxınlarda əməliyyat etdirmişəm. Necə əvvəlki vəziyyətə gətirəcəm bu ev-eşiyi. Nə kömək var, nə bir şey... Elə o gecədən gəlirlər, yazırlar, gedirlər...”

İndi evdə bir dəst yorğan-döşək də salamat qalmayıb ki, Lütfiyyə nənə gecələri bürünüb yatsın. Hər səhər gözünü açanda qaralmış tavan və divarları gördükcə onsuz da əməliyyatdan çıxmış gözləri bir az da qaralır.

Bələdiyyənin vədi...

Hərçənd kənd bələdiyyəsi söz verib ki, bu divarların, tavanın əvvəlki rənginə qaytarılmasında nənəyə yardım edəcəklər. Ancaq hələ ki, quru sözdən əmələ keçilməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti