London və müttəfiqləri Fələstini dövlət kimi tanıya bilər
Kemeron qeyd edib ki, fələstinlilər “iki dövlətin yaradılması və ən əsası Fələstin dövləti istiqamətində geridönməz irəliləyiş əldə olunmasını” təmin edilməsinə əmin olmalıdırlar. O, habelə bu prosesi dəstəkləyəcək dövlətlərin məsuliyyət daşıdığını bildirib.
“Bizim məsuliyyətimiz var, çünki Fələstin dövlətinin necə görünəcəyini, nələri ehtiva edəcəyini, necə işləyəcəyini müəyyənləşdirməyə başlamalıyıq” , - Devid Kemeron deyib.
Fələstinin müstəqil dövlət kimi tanınması məsələsinə BMT-də baxılacaq. Böyük Britaniyanın Xaric İşlər naziri fələstinlilərə aydın “siyasi üfüq”ün lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, son 30 ildə İsrail uğursuzluqlarla üzləşib: yəhudi dövləti iqtisadi artıma nail olub, həyat səviyyəsini yaxşılaşdırıb, müdafiə və təhlükəsizliyə pul yatırıb, lakin bununla belə, təhlükəsizliyini təmin edə bilməyib.
Qeyd edək ki, yanvarın 29-da Fələstinin Səhiyyə nazirliyi Qəzza zolağında 26 637 nəfərin öldüyünü, yaralananların sayının isə 65 387 nəfərə çatdığını açıqlayıb. Anklav hökumətinin mətbuat xidməti yanvarın 15-də Qəzzanın şimalında 800 min fələstinlinin olduğunu və onların qarşıdakı aylarda ölüm təhlükəsi ilə üzləşdiyini bildirib. Bu təhlükənin əsas səbəbi isə İsrail ordusunun bölgəyə yardım və ərzaq tədarükünü əngəlləməsi siyasətinin davam etdirməsidir.
Sahil İsgəndərov
AzVision.az