ABŞ İraqda iranyönümlü qüvvələrə zərbə endirib
Məlumata görə, İraqın Babil şəhərində Cürf Əl-Səxər qəsəbəsində İran tərəfindən maliyyələşdirilən "Kətaib Hizbullah" qruplaşmasına məxsus üç obyektə, habelə İrana bağlı digər qruplara PUA zərbələri endirilib. Nəticədə 5 nəfər yaralanıb.
ABŞ Silahlı Qüvvələri həmçinin İraq-Suriya sərhədində yerləşən Əl-Qaim şəhərində "Həşdi Şabi" qruplaşmasına aid qərargahı da PUA-larla hədəfə alıb. Hücumda 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
"Pentaqon"un bəyanatında bildirilir ki, əməliyyatlar ABŞ və müttəfiqlərinin regiondakı bölmələrinə qarşı hücumlara cavab mahiyyətindədir.
"Regionda münaqişəni qızışdırmağa çalışmırıq. Heyətimizi və obyektlərimizi qorumaq üçün əlavə tədbirlər görürük. Bu qrupları və onların İranlı sponsorlarını hücumları dərhal dayandırmağa çağırırıq", - "Pentaqon" rəhbəri Ostin bəyanatda vurğulayıb.
Hərçənd "Kətaib Hizbullah"ın sözçüsü Cəfər Əl-Hüseyni "X" hesabında "Qəzzada mühasirə bitənədək "düşmən bazalarını" hədəfə almağa davam edəcəklərini" yazıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ İraq Suriya hücum əməliyyat