Pakistan İrandakı hədəflərə raket və pilotsuz təyyarələrlə hücum etdi

   Pakistan İrandakı hədəflərə raket və pilotsuz təyyarələrlə hücum etdi
  18 Yanvar 2024    Oxunub:1263
İranın cənub-şərqində partlayışlar baş verib.
Pakistanın yüksək rütbəli kəşfiyyat mənbəsi AFP-yə bildirib ki, Pakistan İran ərazisindəki hədəflərə hücum edib.

“Mən yalnız təsdiq edə bilərəm ki, biz Pakistana qarşı silahlı qruplaşmaları vurmuşuq”, - mənbə AFP-yə deyib. Onun sözlərinə görə, hökumətin bəyanatı yanvarın 18-i səhər saatlarında olacaq.

Pakistan İran ərazisinə zərbələr endirdiyini təsdiqləyib. Xarici İşlər Nazirliyi “terrorçuların sığınacaqlarına” hücum edildiyini bildirib. Tehran üç qadın və dörd uşağın öldüyünü bildirib. Zərbələr raketlər və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

“Səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq hədəflənmiş bir sıra hərbi zərbələr endirib", - Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bir neçə terrorçunun öldürüldüyü bildirilir.

İranın İRNA agentliyi xəbər verir ki, partlayışlar Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində yerləşən Seravan rayonunun bir neçə bölgəsində baş verib.

Qeyd edək ki, İran bundan əvvəl İraq, Suriya və Pakistandakı hədəflərə zərbələr endirib. Pakistandakı hədəflər Tehranın iddia etdiyi kimi, Ceyş əl-Ədl terror qruplaşması olub. Bağdad və İslamabad Tehrandan səfirlərini geri çağırıb.

Pakistan söz verib ki, Tehranın “bu qeyri-qanuni hərəkətini” cavabsız qoymayacaq.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian bəyan edib ki, Tehran Pakistanın suverenliyinə hörmət edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti