Krım kimlərin olub - tarixi ARAYIŞ

  05 Mart 2014    Oxunub : 6074
Krım kimlərin olub - tarixi ARAYIŞ
Krımdakı müsəlman Türk (tatar) varlığı əsasən 13-cü əsrdə tatar istilaları ilə əlaqələndirilsə də, ümumiyyətlə, bölgədə türk varlığının tarixi 3-4-cü əsrlərə qədər uzanır. Krımda Xəzər Xaqanlığının hakimiyyəti 9-cu əsrin 2-ci yarısında başa çatıb. Lakin bölgəyə türk axını davam edib. 10-cu əsrdə peçeneqlər, 10-11-ci əsrlərdə qıpçaq Kumanların axınları bölgənin etnik mənzərəsinin formalaşmasına ciddi təsir edir.

Qıpçaq türklərinin 11-ci əsrdə İslam dinini qəbul etmələri sonrakı əsrlərdə Krım ilə Anadolu arasında yüzillərlə davam edəcək güclü bir bağın qurulması ilə nəticələnib.

Yarımadada Qıpçaq hakimiyyəti 13-cü əsrin ortalarına qədər davam edib. Bu dövrdən başlayaraq bölgədə Çingiz Xanın törəmələrinin qurduğu başqa bir türk dövlətinin – Qızıl Ordanın əsası qoyulub. Onların hakimiyyəti təqribən 100 il sürüb.

14-cü əsrdə Qızıl Ordanın rəsmən İslam dininə keçməsi ilə bölgədə tam 500 illik tatar hakimiyyəti başlayıb. Giray xanın rəhbərliyi ilə 15-ci əsrin ilk yarısından etibarən güclü və müstəqil Krım Xanlığı ciddi bir güc olaraq bütün bölgəyə öz təsirini göstərib. Tatarlar hətta 1571-ci ildə Dövlət Giray Xanın rəhbərliyi ilə Rus çarı İvan Qroznıya qalib gələrək, Moskvaya belə giriblər. Xanlıq 1475-ci ildə Osmanlı İmperatorluğu ilə ittifaq qurub və bu birlik Xanlığın süqutuna qədər davam edib.

Təqribən 300 il sürən bu ittifaq 1769-1774-cü illərdə davam edən Osmanlı-Rusiya müharibəsinin nəticəsində imzalanan Kiçik Qaynarca müqaviləsi ilə başa çatıb. Sözdə müstəqil elan edilən Krım Xanlığı, rus diplomatlarının intriqası ilə baş verən daxili müharibə səbəbilə gücdən düşüb və ardınca 1783-cü ildə II Yekaterinanın zamanında Rusiyaya ilhaq edilib. Osmanlı isə bu itki ilə razılaşmasa da, 1792-ci ildə Krımın Rusiyaya birləşməsini müqavilə ilə qəbul etməyə məcbur olub.

Məhz ilhaqdan sonra Rusiya öz imperialist siyasətinə sadiq qalaraq məskunlaşdırma və köçürmə siyasətini burda da tətbiq etməyə başlayıb. Rusiya Krımı ruslaşdırmağa başlayıb və çox sayda rus ailələri – bu gün Ukraynanın şərqində Rusiya bayraqlarını binalar üzərinə qaldıranların və rus ordusunu köməyə çağıranların əcdadları - yarımadaya köçürülüb. Tatarlar isə əksinə, siyasi və iqtisadi təzyiqlərə tab gətirməyərək, topu halda Osmanlıya üz tuturlar.

Sovet İmperiyasının qurulması ilə Krımda tatarlara münasibətdə bir tərəfdən etnik diskriminasiya, digər tərəfdən 1944-cü ildə Stalinin birbaşa qərarı ilə kütləvi deportasiya siyasəti həyata keçirilib. Tatarlardan boşalan yerlərə isə elə həmin ildən başlayaraq ruslar və ukraynalılar planlı və sistematik şəkildə yerləşdiriliblər.

Tatarların deportasiyası ilə Krım Muxtar Sovet Sosialist Respublikası da 1946-cı ildə ləğv edilib və bir vilayət olaraq Rusiya Sovet Sosialist Respublikasına birləşdirilib. 1954-cü ildə Ukraynanın “Rusiyaya birləşdirilməsinin” 300 illiyi münasibəti ilə isə Krım vilayəti Ukrayna SSR-nin tərkibinə verilib. Bu “hədiyyə” 1991-ci ildə Sovet İmperiyasının dağılmasından sonra iki dövlət arasında əsl problemə çevrilib. Krım isə artıq Ukraynanı tərkibində muxtariyyət statusu əldə edib.

Hazırkı proseslərdə isə tatarlar Ukraynanın ərazi bütünlüyünü dəstəkləməkdədirlər və tatar icması ruslara qarşı ciddi müxalifət təşkil edir. Məhz mart ayının 30-na Krımın Rusiya meyilli Nazirlər Sovetinin təyin etdiyi referenduma qarşı ən böyük müxlifəti də tatarlar təşkil edir.

Vüqar

Teqlər: